Rusiya müasir tarixinin ən ağır kadr çatışmazlığı böhranlarından birini yaşayır. Bu vəziyyət artıq ölkənin hərbi iqtisadiyyəti üçün ciddi riskə çevrilib.
HİT.az xəbər verir ki, bu barədə "Foreign Policy" nəşrin yazır.
Nəşr bildirir ki, işçi qüvvəsi çatışmazlığının əsas səbəbləri demoqrafik geriləmə, Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan sonra baş verən kütləvi miqrasiya və yüz minlərlə kişinin səfərbər edilməsidir. Eyni zamanda, işçi qüvvəsi çatışmazlığını kompensasiya edə biləcək avtomatlaşdırma və rəqəmsallaşma prosesləri kifayət qədər sürətlə inkişaf etmir.
Qiymətləndirmələrə əsasən, Rusiyada hazırda 1,5–2,5 milyon işçi çatışmır. 2030-cu ilə qədər isə əsasən təqaüdə çıxan əməkdaşları əvəz etmək üçün əmək bazarına daha 10,9 milyon nəfərin cəlb olunmasına ehtiyac yaranacaq.
Müdafiə sənayesində vəziyyət daha ağırdır
Kadr çatışmazlığı xüsusilə Rusiya hərbi-sənaye kompleksində hiss olunur. Məlumata görə, bu sahədə 400–500 min işçi, o cümlədən 100 mindən çox mühəndis və yüksək ixtisaslı mütəxəssis çatışmır.
Pilotsuz uçuş aparatları üzrə mütəxəssislərə tələbat da sürətlə artır. Hazırda mülki sektorda təxminən 14,5 min belə mütəxəssis çatışmır. Qarşıdakı on il ərzində bu sahədə tələb 300 min nəfərə çata bilər.
Bununla yanaşı, Rusiya Müdafiə Nazirliyi dron operatorlarının hazırlanması üzrə planlarını da yerinə yetirə bilmir. 2026-cı ilin ilk yarısında nazirlik 8 mindən bir qədər çox mütəxəssis hazırlayıb ki, bu da həmin dövr üçün nəzərdə tutulan 34,4 min nəfərlik planın təxminən dörddəbirinə bərabərdir.
Kreml yeni işçi qüvvəsi mənbələri axtarır
Məqalədə qeyd olunur ki, Kreml daxili əmək ehtiyatlarını genişləndirməyə çalışır. Bu məqsədlə gənclərin əmək bazarına daha erkən qoşulması təşviq edilir, ali məktəblərdə dövlət sifarişli yerlərin sayı azaldılır və minimum əmək yaşı həddinin 14-dən 12-yə endirilməsi ilə bağlı təkliflər dəstəklənir. Qeyd edilir ki, bu addım BMT-nin Uşaq Hüquqları Konvensiyası ilə ziddiyyət təşkil edə bilər.
Bundan başqa, qadınlar üçün qadağan olunmuş peşələrin siyahısı tədricən ixtisar edilir. Müdafiə sənayesi müəssisələri texnikum və universitetlərlə əməkdaşlıq edərək gələcək işçiləri təhsil aldıqları dövrdən hazırlamağa çalışır.
Ekspertlər hesab edirlər ki, bu tədbirlər yalnız qismən nəticə verir və əmək qabiliyyətli əhalinin ümumi sayını artırmır. Əksinə, onların təhsilin keyfiyyətinə və insan kapitalına mənfi təsir göstərə, həmçinin mülki iqtisadiyyatla hərbi sənaye arasında, xüsusilə informasiya texnologiyaları sahəsində mütəxəssislər uğrunda rəqabəti daha da gücləndirə biləcəyi bildirilir.
Məhbus və miqrant resursları da tükənir
Nəşrin yazdığına görə, Kreml işçi qüvvəsi mənbəyi kimi məhbuslardan da istifadə etməyə çalışsa da, bu imkan demək olar ki, tükənib. Müharibə başlayandan sonra minlərlə məhkum orduya cəlb edilib və nəticədə son beş ildən az müddətdə ölkədə məhbusların sayı təxminən 40 faiz azalıb.
Eyni zamanda, Federal Penitensiar Xidmət də ciddi kadr çatışmazlığı yaşayır və bir sıra regionlarda əməkdaş qıtlığı səbəbindən cəzaçəkmə müəssisələri bağlanıb.
Moskva xarici işçi qüvvəsinin cəlb edilməsinə də üstünlük verir. Bunun üçün Mərkəzi Asiya ölkələri ilə yanaşı, Hindistan, Şimali Koreya, Çin, Banqladeş və Şri-Lankadan əmək miqrantlarının cəlb olunmasına çalışılır. Məqalədə həmçinin bildirilir ki, Rusiya Ukraynanın işğal olunmuş ərazilərindən də işçi qüvvəsi mənbəyi kimi istifadə etməyə cəhd göstərir.
Lakin bu strategiyanın daxildə artan müqavimətlə üzləşdiyi qeyd olunur. 2024-cü ilin martında "Crocus City Hall" konsert zalında baş vermiş terror aktından sonra Rusiyada miqrantlara qarşı mənfi münasibət güclənib. Hakimiyyət deportasiya prosedurlarını sadələşdirib, miqrant ailələrinin köçünü məhdudlaşdırıb, onların məşğulluğuna və uşaqlarının təhsilinə nəzarəti sərtləşdirib.
Bunun nəticəsində 2025-ci ilin yanvarından 2026-cı ilin yanvarınadək Rusiyada yaşayan əcnəbilərin sayı 10 faiz, tikinti sektorunda çalışan əmək miqrantlarının sayı isə 15–20 faiz azalıb.
"Foreign Policy" hesab edir ki, kadr böhranına cavab olaraq görülən tədbirlər problemi həll etməkdən daha çox onu dərinləşdirir. Nəşrin fikrincə, tələbələrin erkən əmək bazarına çıxarılması, qadınların rolunun genişləndirilməsi və məhbus əməyindən istifadənin artırılması yeni işçi qüvvəsi yaratmır, sadəcə mövcud məhdud resursların yenidən bölüşdürülməsinə səbəb olur. Xarici işçilərə daha çox arxalanmaq cəhdləri isə güclənən millətçi əhval-ruhiyyə və sərtləşən miqrasiya siyasəti ilə üzləşir.
Samir


