Avropanın ən mühüm çaylarından biri olan Reyn çayının uzunluğu 1230 kilometrdir. Bu çay qitənin çay yük və sərnişin daşımalarında xüsusi rol oynayır. Çayın mənsəbində orta su sərfi saniyədə 2330 kubmetr təşkil edir.
HİT.az xəbər verir ki, hətta daha yuxarı hissələrdə, Köln şəhəri yaxınlığında (şəhər çayın mənsəbinə daha yaxın, şimalda yerləşir) su sərfi adətən saniyədə təxminən 2000 kubmetr, orta dərinlik isə təxminən 3 metr olur. Lakin quraqlıq və isti hava səbəbindən Reyn çayının Köln yaxınlığındakı su səviyyəsi tarixi minimum həddə enib. Bu barədə “444.hu” yazır.
Şimali Reyn-Vestfaliya əyalətinin ən mühüm şəhərlərindən birində suyun səviyyəsi hidroloji ölçü şkalasına görə 68 santimetr təşkil edib. Bu göstərici 2018-ci ildə qeydə alınmış əvvəlki rekord minimumdan 1 santimetr aşağıdır. Mütəxəssislər bu hadisəni qeyri-adi hesab edirlər.
Duisburq şəhərində də su səviyyəsi tarixi həddə düşüb. Burada əvvəlki mənfi rekord göstərici olan 153 santimetrin bir neçə santimetr aşağı düşəcəyi gözlənilir. Bundan əvvəl Reyn çayının digər hissələrində də rekord aşağı su səviyyəsi qeydə alınıb. Cümə günü Reynland-Pfalts əyalətinin Kaub şəhərində suyun səviyyəsi 25 santimetr olub, halbuki bir həftə əvvəl burada 55 santimetr ölçülmüşdü.
Reyndə su səviyyəsinin aşağı düşməsi iqtisadi problemlərə də səbəb olur. Konteyner gəmiləri yükləri ya yalnız azaldılmış yüklənmə ilə çatdıra bilir, ya da ümumiyyətlə hərəkət edə bilmir. Nəticədə sənaye istehsalı üçün vacib xammallar bəzi zavod və müəssisələrə çatdırılmır, hazır məhsulların daşınması da çətinləşir.
Samir


