ABŞ və Çin Tayvanda üz-üzə GƏLƏCƏK?

DÜNYA
12:11 / 03.08.2026
211

Çinin 2027-ci ildə Tayvanı nəzarətə götürmək üçün genişmiqyaslı hərbi əməliyyatlara başlaya biləcəyi iddiaları beynəlxalq təhlükəsizlik gündəmində əsas müzakirə mövzularından biri olaraq qalır.

ABŞ kəşfiyyatı və hərbi ekspertlərinin qiymətləndirmələrinə görə, Çin Xalq Azadlıq Ordusu 100 illik yubileyinə təsadüf edən bu tarixədək adaya müdaxilə üçün bütün lazımi döyüş imkanlarını hazır vəziyyətə gətirməyi hədəfləyir. Pekinin Tayvan ətrafında təşkil etdiyi intensiv dəniz və hava təlimləri, eləcə də regiondakı hərbi varlığı potensial toqquşma riskini artırmaqda davam edir.

Tayvan rəhbərliyi isə müdafiə qabiliyyətini gücləndirərək müttəfiqləri ilə əməkdaşlığı dərinləşdirir və mümkün blokada və ya birbaşa hücum ssenarilərinə qarşı hazırlıqlarını sürətləndirir. Analitiklər xəbərdarlıq edirlər ki, Tayvanda alovlana biləcək hər hansı hərbi münaqişə yalnız regional sabitliyi deyil, həm də qlobal iqtisadiyyat və texnologiya təchizatı zəncirlərini ağır zərbə altına qoya bilər.

Bəs bunun reallaşma ehtimalı nə qədərdir? Çin Tayvana hücum edərsə, ABŞ-nin cavabı nə olacaq?

Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi şərhçi Novruz Novruzovun Hit.az-a açıqlamasında bildirib ki, hazırda Çinin öz regionunda hansısa hərbi əməliyyat keçirməsinə əsas yoxdur:


"Ola bilər ki, regional hərbi təlimlər keçirilsin ki, bu da müharibəyə başlamaq yox, mümkün regional eskalasiyaya hazırlıq xarakteri daşıyar. Düzdür, Çin öz ordusunun döyüş qabiliyyətini yeni silahlar və texnologiyalar hesabına gücləndirmək yolunu tutub. Lakin bu istiqamət Tayvanla müharibəni yox, dünya hegemonluğuna can atan bir dövlətin strategiyasının məntiqi fəallığı kimi qəbul edilməlidir".

Ekspert qeyd edib ki, ABŞ və Çin arasında Tayvana nəzarət uğrunda rəqabət bütün kəskinliyi ilə qalır:
"Çin heç vaxt imkan verməz ki, okeanın o tayındakı dövlət onun qulağının dibində özünə hərbi-siyasi baza yaratsın. Amerika da bunu yaxşı anlayır. Lakin onunla nəinki hərbi, həm də iqtisadi sahədə ciddi rəqabət aparan, hətta bir sıra sahələrdə onu üstələyən bir dövlətlə münasibətlərdə təzyiq aləti kimi Tayvanın problem şəklində qalmasına rəvac verir. ABŞ bu Asiya dövlətinin müstəqilliyindən “dəm” vurur, Çin isə Tayvana öz protektoratı kimi yanaşır, öz ərazisi sayır.

ABŞ Kəşfiyyatının 2026-cı il qiymətləndirməsində bildirilir ki, Çinin hazırda 2027-ci ildə Tayvanı işğal etmək planı və ya bunun üçün müəyyən edilmiş konkret vaxt cədvəli yoxdur. Təbii ki, müharibə adlanan belə bir plan barədə heç bir analitik dəqiq məlumat verə bilməz. Sadəcə, siyasi icmalçılar mümkün ehtimallar barədə danışırlar".

Həmsöhbətimizin sözlərinə görə, bu hipotezlər içərisində genişmiqyaslı hərbi təlimlər, hava və dəniz fəaliyyətinin intensivləşməsi, iqtisadi və diplomatik təzyiq, Tayvana qarşı məhdud dəniz və ya hava blokadası kimi tədbirlər yer alır:
"Mürəkkəb və riskli əməliyyat hesab olunan tammiqyaslı işğala cəhd isə ola bilməz. Son aylarda Çin Tayvan ətrafında sahil mühafizəsi və digər dövlət gəmilərinin fəaliyyətini artırıb. Tayvan bunu uzunmüddətli təzyiq və mümkün blokada ssenarilərinə hazırlıq kimi qiymətləndirir.

Çinin bu fəaliyyəti ABŞ tərəfindən sanki yalnız müşahidə olunur. Görünür, amerikalı strateqlər qəsdən Tayvan siyasətinda “strateji qeyri-müəyyənlik” görüntüsü yaradırlar. Lakin həqiqətdə müəyyən addımlar atmağa həmişə hazır vəziyyətdədirlər.

Məsələn, Tayvana yeni texnologiyalar əsasında yaradılmış silah göndərmək, kəşfiyyat məlumatı və logistika dəstəyi vermək, ABŞ Hərbi Dəniz Qüvvələrinin Cənub-Şərqi Asiyada fəaliyyətini artırmaq üçün okeanın o tayında müvafiq layihələr daimi olaraq mövcuddur. Hətta yeri gəlsə, hərbi müdaxilə ehtimalı da nəzərdə tutulur".

Novruz Novruzov diqqətə çatdırıb ki, ABŞ və Çin arasında istər Tayvan üzərində, istərsə də beynəlxalq səhnədə rollarını gücləndirmək sahəsində güclü istisadi rəqabət gedir:
"Son vaxtlar Amerikanın Çinə qarşı geniş maliyyə və texnoloji məhdudiyyətlər tətbiq etməsi güclənib. Lakin Çin bu sanksiyalara adekvat tədbirlərlə cavab verir. Hər iki dövlət bu mübarizədə öz müttəfiqləri ilə birlikdə çalışmağa səy göstərir.

Ümumiyyətlə, Çin tərəfindən Tayvana qarşı açıq hər hansı bir addım atılarsa, ABŞ-nin verəcəyi cavabın miqyası münaqişənin xarakterindən, Çinin həyata keçirdiyi əməliyyatın ölçüsündən və həmin dövrdəki siyasi rəhbərliyin qərarlarından asılı olacaq".

Elmir Mustafa

0