Rumıniya ordusu Dunay çayında yerləşən qayanın partladılması üzrə əməliyyata hazırlaşır. Məqsəd suyun axınını dəyişdirərək atom elektrik stansiyasının reaktorlarından birinin fasiləsiz fəaliyyətini təmin etməkdir.
HİT.az xəbər verir ki, bu barədə "Digi24" məlumat yayıb.
Məlumata görə, hərbçilər artıq iki partlayış həyata keçiriblər. Rumıniya Hərbi Dəniz Qüvvələri komandanının müavini Marsel Nekulay bildirib ki, ilkin mərhələdə bunun kifayət edəcəyi gözlənilsə də, qayanın gözləniləndən daha möhkəm olduğu müəyyən edilib. Bu səbəbdən əməliyyat daha çox partlayıcı maddədən istifadə edilməklə davam etdiriləcək.
Əməliyyata ümumilikdə 100-dən çox hərbçi cəlb olunub. Döyüş dalğıcları artıq bir sıra sınaqlar keçiriblər. Bazar ertəsi Bala qolundan Köhnə Dunay qoluna su axınını yönləndirmək məqsədilə hər biri güclü partlayıcı ilə həyata keçiriləcək üç nəzarətli partlayışın baş tutması planlaşdırılır.
Xatırladaq ki, Avropada müşahidə olunan güclü quraqlıq fonunda Dunay çayında tarixi səviyyədə dayazlaşma qeydə alınıb. Bu vəziyyət artıq bir sıra Avropa ölkələrində nəqliyyat, turizm, sənaye və enerji sektoruna təsir göstərib.
Macarıstanda da Dunayda suyun səviyyəsinin aşağı düşməsi ölkənin yeganə atom elektrik stansiyasının fəaliyyəti ilə bağlı narahatlıqlar yaradıb. Baş nazir Peter Macar qarşıdakı beş günün ölkənin enerji sistemi üçün kritik ola biləcəyini bildirib.
Samir


