Ukraynanın səmanı qorumaq üçün neçə 100 sistemə ehtiyacı var? - Zelenski açıqladı

DÜNYA
16:41 / 03.08.2026
59

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ölkənin hava məkanının tam qorunması üçün “FREJYA” antiballistik qalxan layihəsi çərçivəsində 100 sistemə ehtiyac var. 

HİT.az xəbər verir ki, bu barədə Ukraynanın xarici diplomatik nümayəndəliklərinin rəhbərlərinin müşavirəsində çıxışı zamanı danışıb.

“Layihə uğurla həyata keçirilərsə, biz bu sistemlə bağlı əldə etdiyimiz təcrübəni NATO və digər tərəfdaşlarla bölüşməyə hazırıq. Lakin ilk növbədə bilməliyik ki, Ukraynanın hava məkanını tam qorumaq üçün bizə 100 belə sistem lazımdır”, deyə Zelenski bildirib.

Prezidentin sözlərinə görə, “FREJYA” layihəsi üç istiqamətdən ibarətdir, lakin o, hələlik layihənin bütün detallarını açıqlamağa hazır olmadığını qeyd edib. Layihə transatlantik əməkdaşlığı və Ukraynanın ABŞ ilə münasibətlərini də əhatə edir.

Zelenski bildirib ki, layihə müharibə dövründə Ukraynaya dəstək verən Avropa tərəfdaşları üçün açıqdır. Onun sözlərinə görə, layihənin inkişafı üçün həm maliyyələşdirməyə, həm də müəyyən texnoloji komponentlərə ehtiyac var.

Prezident qeyd edib ki, “Patriot” zenit-raket kompleksləri üçün raketlərə malik olan, lakin “FREJYA” üçün zəruri istehsal imkanlarına sahib olmayan ölkələr də antiballistik koalisiyaya qoşula bilərlər.

“Biz "FREJYA"nı qurarkən mövcud antiballistik sistemlərimizdə çatışmazlıqlar var. Bu səbəbdən ‘Patriot’ raketlərinə malik olan və onları Ukraynanın səmasını qorumaq imkanlarının gücləndirilməsi üçün ayıran ölkələri bu antiballistik koalisiyada məmnuniyyətlə görmək istəyirik. Bizi daim dəstəkləyən digər ölkələr üçün də qapımız açıqdır”, deyə Zelenski vurğulayıb.

Prezident bildirib ki, hazırda dünyada “Patriot” sistemləri üçün raketlərə böyük tələbat mövcuddur.

Onun sözlərinə görə, ABŞ istehsalı artırmağa və bu tələbatı qarşılamağa çalışsa da, bu proses vaxt tələb edir və bir çox hallarda siyasi qərarlardan asılıdır.

"Patriot" sistemlərinin verilməsi hər zaman uğrunda mübarizə aparılmalı olan siyasi qərardır. Avropanın da öz antiballistik sistemləri var və gələcəkdə onların sayı artacaq. Mövcud vəziyyəti nəzərə alsaq, hər bir antiballistik layihəyə ehtiyac var. "FREJYA" mövcud sistemləri əvəz etmək üçün deyil, onları tamamlayaraq müdafiə imkanlarını gücləndirmək üçün nəzərdə tutulub”, deyə Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna “FREJYA” çərçivəsində raketləri və buraxılış qurğularını özü istehsal edə bilər.

“Bu, faktdır. Lakin effektiv antiballistik sistem üçün radarlar, sensorlar və digər vacib komponentlərə malik Avropa dövlətləri və tərəfdaş şirkətlərlə əməkdaşlıq həlledici əhəmiyyət daşıyır. Biz artıq bütün zəruri ölkələr və şirkətlərlə razılaşmalar əldə etmişik”, deyə o bildirib.

Prezident xatırladıb ki, hazırda antiballistik koalisiyada Ukrayna, Danimarka, Fransa, Almaniya, İtaliya, Niderland, Norveç, İspaniya, İsveç və Böyük Britaniya olmaqla 10 dövlət iştirak edir. Bundan əlavə, təşəbbüsə 12 müdafiə sənayesi şirkəti qoşulub.

Zelenski vurğulayıb ki, antiballistik koalisiya və “FREJYA” layihəsi Avropanın ümumi təhlükəsizliyini gücləndirə biləcək digər ölkələrin də qoşulmasına açıqdır. O, Ukraynanın səfirlərini “Drone Deals” və “FREJYA” layihələri üzrə tərəfdaşlarla əməkdaşlığı daha da fəallaşdırmağa və konkret nəticələr əldə etməyə çağırıb.

Samir
 

0