Seuta rəhbərliyi miqrant axını fonunda Mərakeşi etibarsız tərəfdaş adlandırdı

DÜNYA
15:42 / 03.08.2026
49

İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri Seutanın meri-prezidenti Xuan Xesus Vivas kütləvi qanunsuz miqrasiya fonunda Mərakeşi etibarsız tərəfdaş adlandırıb və bildirib ki, İspaniya oxşar hadisələrin təkrarlanmaması üçün öz tədbirlərini görməlidir. 

HİT.az xəbər verir ki, o, bu barədə “El País” qəzetinə müsahibəsində danışıb.

Siyasətçi vurğulayıb ki, Madrid Mərakeşdən İspaniyanın ərazi bütövlüyünə hörmət göstərilməsini tələb etmək hüququna malikdir. Vivasın sözlərinə görə, İspaniya bu mövqeyi digər Avropa ölkələrinin dəstəyi ilə müdafiə etməlidir.

İyulun sonunda on minlərlə Mərakeş vətəndaşı qanunsuz şəkildə Şimali Afrikada yerləşən İspaniyanın muxtar Seuta şəhərinə daxil olub. Hadisə İspaniya Ali Məhkəməsinin qeyri-qanuni miqrantların dərhal ölkədən çıxarılmasını qadağan etməsi və onlara sığınacaq üçün müraciət etmək imkanı verilməsi barədə qərarından sonra baş verib.

Avqustun 2-də “La Sexta” telekanalı xəbər verib ki, Seutaya keçməyə cəhd zamanı 90 nəfər həyatını itirib. Bundan əlavə, daha 1149 miqranta tibbi yardım göstərilib.

Samir
 

0