Alimlərdən maraqlı kəşf: Fillər balaları üçün bitkilərdən “dərman” hazırlayır

DÜNYA
22:56 / 25.09.2026
41

Fillərin xəstəliklər zamanı müəyyən bitkilərdən istifadə etdiyi əvvəllər də müşahidə olunub. Lakin yeni araşdırma bu heyvanların daha mürəkkəb davranış nümayiş etdirə biləcəyini ortaya çıxarıb. Məlum olub ki, fillər bəzi bitkiləri seçərək balaları üçün xüsusi qarışıqlar hazırlaya bilirlər.

HİT.az xəbər verir ki, araşdırma Keniyanın qərbində yerləşən Elqon dağında aparılıb. Bernhard Nocht Tropik Tibb İnstitutunun alimləri bölgədə yaşayan fillərin ən azı 35 müxtəlif bitki növündən müalicə məqsədilə istifadə etdiyini müəyyənləşdiriblər.

Müşahidələr zamanı dişi fillərin bəzi kök və yarpaqları çeynədiyi, daha sonra onları ana südü ilə qarışdıraraq balalarına verdiyi qeydə alınıb. Tədqiqatçılar hesab edirlər ki, bu, heyvanların öz növünün digər fərdinə məqsədli şəkildə “dərman” hazırlamasının ilk sənədləşdirilmiş nümunəsidir.

Alimlərin diqqətini çəkən digər məqam isə fillərin xəstə olduqları zaman müəyyən bitkiləri məqsədli şəkildə axtarmalarıdır. Araşdırılan bitkilərin bir qisminin yerli xalqların ənənəvi təbabətində də istifadə edildiyi, bəzilərinin isə antibakterial, iltihabəleyhinə və parazitlərə qarşı xüsusiyyətlərə malik olduğu müəyyənləşdirilib.

Fillərin sağlamlıq məqsədilə yalnız bitkilərdən istifadə etmədiyi də aşkarlanıb. Onlar müxtəlif torpaq, mineral və gil növlərindən də yararlanırlar.

Elqon dağındakı fillər əvvəllər də qeyri-adi davranışları ilə tanınıb. Onlar dərin mağaralardan fil dişləri vasitəsilə mineral maddələr çıxararaq qidalarına əlavə edirlər.

Tədqiqatçılar fillərin özünümüalicə davranışlarının onların koqnitiv qabiliyyətləri və ekoloji bilikləri barədə yeni məlumatlar verdiyini bildirirlər. Eyni zamanda alimlər qeyd edirlər ki, yaşayış mühitinin məhv edilməsi heyvanların mühüm müalicə resurslarına çıxışını məhdudlaşdıra bilər.

Hazırda alimlər aşkar edilən bitkilərin dəqiq farmakoloji xüsusiyyətlərini müəyyənləşdirmək üçün laboratoriya araşdırmaları aparırlar.

Samir
 

0