Tailandın 82 yaşlı sakini Sisamon Lek Kepvay "Roblox" oynamağa başladıqdan sonra "TikTok" ulduzuna çevrilib. Hazırda onun Leksisamon kanalına 400 min nəfər abunədir, paylaşımları isə 5 milyondan çox bəyənmə toplayıb.
HİT.az xəbər verir ki, bu barədə “Bangkok Post” məlumat yayıb.
Lek əvvəllər qızı ilə birlikdə ailə restoranı işlədib. O, yemək və qəhvə hazırlayır, müştərilərlə ünsiyyət qururdu. Banqkoka köçdükdən sonra isə qadın vaxtının böyük hissəsini evdə keçirib və əvvəlki həyatına darıxıb.
“Burada insanları deyil, yalnız evləri görürdüm”, deyə o bildirib.
Lekin 27 yaşlı nəvəsi Pansun Sritubtim bir gün nənəsinin evdə oturub televizora baxdığını görüb. O, nənəsinə “Z nəsli” üslubunda foto çəkdirməyi təklif edib və şəkilləri TikTok-da yayımlayıb. Videolar artıq ertəsi gün on minlərlə baxış toplayıb.
Bundan sonra Pansun izləyicilərə nənəsinin Roblox oynadığını göstərmək qərarına gəlib. Oyun gözlənilmədən Lekə tənhalıq hissinin öhdəsindən gəlməyə kömək edib. Qadın digər oyunçularla, o cümlədən uşaqlarla ünsiyyət qurmağa başlayıb.
“Mənim danışa biləcəyim biri peyda oldu. Söhbətlərimiz xoşdur”, deyə Lek qeyd edib.
Kompüterdən və videooyunlardan istifadə etməyi öyrənmək Lek üçün asan olmayıb. Əvvəlcə kompüteri onun əvəzinə nəvəsi işə salıb. Daha sonra qadın tədricən kompüterdən müstəqil istifadə etməyi öyrənib.
Lek ən çox “99 Nights in the Forest” oyununu bəyənib. Onun sözlərinə görə, oyunda 500-dən çox gecə keçirib, baxmayaraq ki, oyunu mənimsəməsi kifayət qədər uzun vaxt aparıb.
Oyunçu nənənin populyarlığı TikTok-dan kənara da çıxıb. Yaşadığı kompleksdəki uşaqlar dərsdən sonra onun evinə gələrək birlikdə oyun oynayırlar.
Pansunun sözlərinə görə, videooyunlar Lekə təkcə ev üçün darıxmağın öhdəsindən gəlməyə deyil, həm də gənc nəsli daha yaxşı anlamağa kömək edib.
“Nəvələr və nənələr arasında fərqi azaltmağa oyun kömək edir. Cəmiyyətdə bir çox problemlər müxtəlif yaş qruplarından olan insanların bir-birini anlamaması səbəbindən yaranır. Videooyunlar onların bir-birini daha yaxşı başa düşməsinə kömək edən vasitəyə çevrilə bilər”, deyə Pansun vurğulayıb.
Samir


