Britaniyanın aşağıbüdcəli aviaşirkəti EasyJet əməkdaşların tətili səbəbindən yüzlərlə reysi ləğv etmək riski ilə üzləşib.
HİT.az xəbər verir ki, Portuqaliyanın SNPVAC həmkarlar ittifaqına üzv olan kabin heyəti oktyabrın 2-dən 6-dək, eləcə də dekabrın 19-dan 23-dək tətil edəcəklərini açıqlayıb. Yalnız oktyabr ayındakı aksiyanın təxminən 500 reysin ləğvinə səbəb ola biləcəyi bildirilir. Hansı reyslərin ləğv ediləcəyi isə hələlik məlum deyil.
SNPVAC əməkhaqqının artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edir. Həmkarlar ittifaqı iş qrafiklərinin tez-tez dəyişdirildiyini, kollektiv müqavilələrin şərtlərinə əməl olunmadığını və kadr çatışmazlığı səbəbindən əməkdaşların əlavə işə məcbur edildiyini bildirir.
EasyJet isə həmkarlar ittifaqının tələblərinin yerinə yetirilməsinin mümkün olmadığını açıqlayıb. Şirkət kabin heyətinin Portuqaliyada orta əməkhaqqından əhəmiyyətli dərəcədə yüksək maaş aldığını qeyd edib. Bununla belə, tərəflər arasında kompromis əldə etmək üçün danışıqlar davam edir.
Aviaşirkət Fransada da tətil təhlükəsi ilə üzləşib. Burada pilotların həmkarlar ittifaqı SNPL sentyabrın 24-25-də aksiyaya çıxmağı planlaşdırır. Tətil Paris, Lion, Nitsa, Nant və Bordo istiqamətlərində reyslərə təsir göstərə bilər.
EasyJet sərnişinlərinə qarşıdakı həftələrdə reyslərin ləğvi, gecikmələr və uçuşların başqa vaxta keçirilməsi ilə bağlı dəyişikliklərə hazır olmaları tövsiyə olunur.
Samir


