Ukrayna aqrar ixracı qismən bərpa edib - 10 milyard dollarlıq itki riski

DÜNYA
16:50 / 23.09.2026
42

Ukraynada sentyabr ayında kənd təsərrüfatı məhsullarının ixracı avqustla müqayisədə 1,5 dəfə artıb. Bununla belə, ölkənin əlverişsiz ssenari üzrə ixrac gəlirlərində 10 milyard dollara qədər itki ilə üzləşə biləcəyi açıqlanıb.

HİT.az xəbər verir ki, bunu Ukraynanın aqrar siyasət və ərzaq naziri Taras Visotski bildirib.

Onun sözlərinə görə, sentyabrın ilk 20 günündə aqrar ixrac istehsal imkanları nəzərə alınmaqla potensial həcmin 44 faizini təşkil edib. Avqustda bu göstərici təxminən 30 faiz olub.

Nazir qeyd edib ki, dəniz limanları vasitəsilə ixrac imkanlarının məhdud qalması aqrar sektor üçün əsas problemlərdən biridir. Alternativ marşrutlar tələb olunan ixrac həcminin yalnız təxminən yarısını təmin edə bilir. Bundan əlavə, bəzi məhsullar üzrə yüksək logistika xərcləri ixracı iqtisadi baxımdan əlverişsiz edir.

Pessimist ssenariyə əsasən, Ukraynanın aqrar ixracı illik ifadədə 30 milyon ton azala və nəticədə ölkə 10 milyard dollara qədər ixrac gəlirindən məhrum ola bilər.

Visotski eyni zamanda ölkədə ərzaq təhlükəsizliyinin sabit qaldığını bildirib. Onun sözlərinə görə, istehsal olunan məhsulların 25-30 faizi daxili istehlaka yönəldilir, təxminən 70 faizi isə ixrac edilir. Nazir ölkədə ərzaq qıtlığı və aclıq təhlükəsinin olmadığını vurğulayıb.

Samir

0