Avropada yanacağın qiymətləri artır, Avropa İttifaqı isə yalnız Ukrayna ilə bağlı məsələlərdən narahatdır. Bu barədə Slovakiyanın baş naziri Robert Fiko hökumətin iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
HİT.az xəbər verir ki, onun sözlərini “TA3” telekanalı yayıb.
Siyasətçi Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə açıq müraciət hazırladığını və Avropa Şurasının rəhbəri Antonio Koştadan növbədənkənar sammit çağırmağı xahiş etdiyini bildirib. Fikonun sözlərinə görə, bəzi ölkələrdə bir litr dizel yanacağının qiyməti 3 avroya yaxınlaşırsa, bu, artıq böhran deməkdir.
Fiko qeyd edib ki, Aİ Ukraynadakı müharibəyə dəstək üçün yüz milyardlarla avro tapa bilir, lakin yanacağın bahalaşması ilə bağlı hətta görüş keçirməyə imkan tapmır. Onun sözlərinə görə, Berlin isə üzv dövlətlərdən əhalinin üzləşdiyi maliyyə təzyiqini azaltmağa kömək edəcək müxtəlif kompensasiya tədbirlərinin qəbul edilməsini gözləyir.
Baş nazir Aİ-nin neft böhranı şəraitində üzv dövlətləri tək qoymasını “mütləq riyakarlıq” adlandırıb.
Bundan əvvəl Fiko Avropanın Rusiya enerji resurslarından imtina etməsini “axmaqlıq” adlandırmışdı. Onun sözlərinə görə, hazırda Avropada Rusiya qazı və neftinin amerikalılardan alınması ideyası müzakirə olunur. Fiko izah edib ki, bu sxemə əsasən, Rusiya enerji resurslarını ABŞ-yə standart qiymətlərlə tədarük edəcək, amerikalılar isə onları Avropaya böyük əlavə qiymətlə satacaqlar.
Aprelin sonunda Slovakiya Rusiya qazının idxalına qoyulan qadağaya qarşı Avropa İttifaqı Məhkəməsinə iddia ərizəsi təqdim edib. Macarıstan da daha əvvəl analoji sənədlə məhkəməyə müraciət edib.
Samir


