Şimali Koreya 900 km məsafə qət edən hipersəs raketini sınaqdan keçirdi

DÜNYA
16:18 / 23.09.2026
39

Şimali Koreya sentyabrın 20-də Hwasong-11Ma-1 hipersəs raketinin sınağını keçirib. Raketin 900 kilometrdən çox məsafə qət etdiyi açıqlanıb.

HİT.az xəbər verir ki, sınaq Yapon dənizi sahilində həyata keçirilib. Raket Şimali Koreya və Rusiya sahilləri boyunca şimal-şərq istiqamətində uçub.

Defense Express-in təhlilinə görə, yayılan görüntülərdə raketin uçuş zamanı 909,2 kilometr məsafə qət etdiyi, saniyədə 2144 metr sürətə, yəni təxminən 7,3 Maxa çatdığı və 35,8 kilometr yüksəklikdə uçduğu görünür.

Mütəxəssislər raketin uçuş trayektoriyasının da diqqət çəkdiyini bildirirlər. Hwasong-11Ma-1 təxminən 36 kilometr yüksəklikdə dalğavari trayektoriya ilə hərəkət edib. Analitiklərin fikrincə, belə uçuş xüsusiyyəti raketin hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanmasını və məhv edilməsini çətinləşdirə bilər.

Məlumata görə, ABŞ istehsalı olan Patriot sisteminin PAC-3 MSE raketlərinin effektivlik hündürlüyü təxminən 36 kilometrdir. Hwasong-11Ma-1-in yüksək sürəti və məhdud reaksiya müddəti isə onun bu sistemlərlə tutulmasını çətinləşdirə bilər.

THAAD sistemində də oxşar problem yarana bilər. Açıq məlumatlara əsasən, THAAD-ın minimum məhvetmə hündürlüyü təxminən 40 kilometrdir. Bu səbəbdən raketin yalnız hədəfə yaxınlaşdığı və aşağı endiyi mərhələdə ələ keçirilməsi mümkün ola bilər. Lakin 7 Maxdan yüksək sürət müdafiə sistemlərinin reaksiyası üçün çox az vaxt saxlayır.

Hwasong-11Ma-1 ötən il təqdim edilən Hwasong-11Ma raketinin təkmilləşdirilmiş versiyası hesab olunur. Analitiklər raketlə yanaşı, onun buraxılış qurğusunun da yeniləndiyini bildirirlər.

Samir

0