Şotlandiyanın Edinburq şəhərində minlərlə insan irimiqyaslı məlumat mərkəzlərinin (data-mərkəzlərin) tikintisinə qarşı etiraz aksiyasına çıxıb. Etirazçılar yeni obyektlərin bölgənin təbii ehtiyatlarına və iqtisadi sabitliyinə mənfi təsir göstərəcəyindən narahatdırlar.
HİT.az xəbər verir ki, bu barədə “Edinburgh Reporter” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, şənbə günü keçirilən yürüşdə təxminən 6 min nəfər iştirak edib. Aksiya iştirakçıları Şotlandiyada nəhəng data-mərkəzlərin inşası və bu infrastrukturun genişləndirilməsi planlarına etirazlarını bildiriblər.
Etirazçıların əsas narahatlığı yeni obyektlərin elektrik enerjisi qiymətlərinin artmasına və su ehtiyatlarının azalmasına səbəb ola bilməsidir. Onlar xüsusilə əhalinin gündəlik tələbatı və kənd təsərrüfatı üçün vacib olan su resurslarının tükənməsi ehtimalından ehtiyat edirlər.
Aksiya zamanı iştirakçılar təbiətin, havanın təmizliyinin və insanların psixoloji sağlamlığının qorunmasına çağıran plakatlar qaldırıblar. Onların əsas tələbi rəqəmsal infrastrukturun genişləndirilməsindən əvvəl ekosistemin, kənd təsərrüfatı torpaqlarının və əlçatan enerji təminatının qorunmasına üstünlük verilməsidir.
Qeyd edək ki, son dövrlərdə Avropanın bir sıra ölkələrində də data-mərkəzlərin tikintisinə qarşı etirazlar keçirilib. Bu aksiyalar bəzi ölkələrdə iğtişaşlar və polis ilə toqquşmalarla müşayiət olunub. Polşada isə küçə etirazlarına Rusiyanın dəstək verdiyi iddiaları səsləndirilib.
Samir


