Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov Moskvanın NATO ilə bağlı əsas tələblərindən birini yenidən gündəmə gətirib.
HİT.az xəbər verir ki, deputat Fransa Prezidenti Emmanuel Makronun Ukraynanın NATO-ya üzv olması ilə bağlı açıqlamasını şərh edərkən Rusiyanın alyansın 1997-ci ildəki sərhədlərinə qayıtmasını tələb etdiyini bildirib.
Juravlyovun sözlərinə görə, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı heç bir kompromis mümkün deyil. O iddia edib ki, Qərb ölkələri Ukraynanın alyansa qoşulmaq perspektivindən Rusiyaya qarşı istifadə etmək məqsədilə yararlanıblar.
Deputat Makronun son açıqlamasını da münaqişəni daha da gərginləşdirən mövqe kimi qiymətləndirib. O, Avropa ölkələrinin Rusiya ilə qarşıdurmaya böyük siyasi və maliyyə resursları yatırdığını, buna görə də müharibənin başa çatmasında maraqlı olmadıqlarını iddia edib.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron noyabrın 15-də Ukraynanın Avropanın ən güclü ordusuna malik olduğunu bildirərək onun NATO-ya daxil olmasının vacibliyini vurğulayıb. Makronun sözlərinə görə, “istəklilər koalisiyası” Ukrayna üçün davamlı sülhün əldə olunması və Kiyevin təhlükəsizlik təminatlarının hazırlanması istiqamətində iş aparır. O, müttəfiqlərin müharibədən sonrakı dövrə dair məqsədlərini dəqiqləşdirməli və bu mövqeyi Rusiya tərəfinə çatdırmalı olduğunu qeyd edib.
Samir


