Britaniya Kalininqrad ətrafında kəşfiyyat uçuşlarını dörd dəfə artırıb

DÜNYA
18:00 / 16.11.2026
36

Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarələri Rusiyanın Kalininqrad eksklavı ətrafında müşahidələri gücləndirib. Oktyabr ayında RC-135W Rivet Joint tipli təyyarələr Rusiya hərbi qüvvələrinin fəaliyyətini izləmək məqsədilə 17 uçuş həyata keçirib. Bu, may ayı ilə müqayisədə dörd dəfə çoxdur.

HİT.az xəbər verir ki, bu barədə müdafiə məsələləri üzrə jurnalist Tom Katterill sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, Britaniya Kral Hərbi Hava Qüvvələri müşahidə missiyalarına iki Rivet Joint təyyarəsi cəlb edib. Onlar Baltik dənizində NATO-nun Rusiya və Belarusla sərhədləri boyunca da mütəmadi patrul uçuşları həyata keçiriblər.

Britaniyanın müdafiə qurumundakı yüksək vəzifəli nümayəndə uçuşların sayının qeyri-adi dərəcədə artdığını bildirib. Onun sözlərinə görə, bu qədər mürəkkəb kəşfiyyat vasitəsindən istifadə edilməsi xüsusi məlumatlara ehtiyac olduğunu göstərir.

RC-135W Rivet Joint təyyarələri silah daşımır. Boeing təyyarələri əsasında hazırlanan bu uçuş aparatları xüsusi anten və qəbuledicilərlə təchiz edilib. Onlar radio, radar və digər elektron siqnalları toplayaraq qarşı tərəfin hərbi fəaliyyətini müəyyənləşdirməyə imkan verir.

**Kəşfiyyat uçuşlarının artmasının səbəbi**

Uçuşların intensivləşməsi Rusiya Prezidenti Vladimir Putinin Kalininqradla bağlı nüvə xəbərdarlığından sonraya təsadüf edib.

Putin oktyabrın 1-də “Valday” diskussiya klubunun toplantısında çıxışı zamanı Rusiyaya, o cümlədən Kalininqrada birbaşa hücum olacağı təqdirdə ölkənin malik olduğu bütün silahlardan istifadə məsələsinin dərhal gündəmə gələcəyini bəyan edib.

Bundan bir neçə gün əvvəl isə NATO Rusiyadan diplomatik nota aldığını açıqlamışdı. Moskva həmin xəbərdarlıqda alyansın Kalininqradı Rusiyanın digər ərazilərindən təcrid etməyə çalışacağı təqdirdə nüvə silahından istifadə edə biləcəyini bildirmişdi.

Baltik dənizi sahilində yerləşən Kalininqrad Polşa və Litva arasında yerləşən, Rusiyanın əsas ərazisi ilə quru sərhədi olmayan eksklavdır. Burada Rusiya Baltik Donanmasının qərargahı, hava hücumundan müdafiə sistemləri və NATO ərazisinə çata bilən raket kompleksləri yerləşir.

Britaniya son dövrlərdə Rusiya hərbi qüvvələrini izləmək üçün digər vasitələrdən də istifadəni genişləndirib. Ötən ay Kral Hərbi Hava Qüvvələrinin Protector pilotsuz uçuş aparatı ilk əməliyyat uçuşunu həyata keçirərək La-Manş boğazında Rusiya freqatının hərəkətini izləyib.

Bundan başqa, aprel ayında Rusiya qırıcıları Qara dəniz üzərində Britaniyanın silahsız RC-135W kəşfiyyat təyyarəsinə altı metrədək yaxınlaşıb. Britaniya Müdafiə Nazirliyi həmin hadisəni 2022-ci ildən bəri bu qəbildən olan ən təhlükəli insident kimi qiymətləndirib.

Samir

0