Tailandda 34 milyon il əvvəl yaşamış nəhəng gəmiricinin qalıqları tapılıb

DÜNYA
10:28 / 15.11.2026
36

Tailandın cənubunda aparılan araşdırmalar zamanı təxminən 34 milyon il əvvəl yaşamış, ölçülərinə görə kapibaraya bənzəyən nəhəng gəmiricinin qalıqları aşkarlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə “Discover Magazine” nəşri məlumat yayıb.

Alimlər kömür layının daxilindəki gil təbəqəsində qədim heyvana məxsus iki diş tapıblar. Tapıntılardan biri arxa diş, digəri isə ön dişin bir hissəsidir. Tədqiqatçılar yeni növə *Yakamys sirindhornae* adını veriblər.

Dişlərin quruluşunu araşdıran mütəxəssislər heyvanın erkən gəmirici ailələrindən biri olan Ischyromyidae qrupuna aid olduğunu müəyyənləşdiriblər. Onun xarici görünüşünün müasir kapibaraya bənzədiyi ehtimal olunur.

Bədən çəkisini müəyyənləşdirmək üçün alimlər müasir gəmiricilərin diş ölçüləri ilə kütləsi arasındakı əlaqəyə əsaslanan yeddi fərqli modeldən istifadə ediblər. Hesablamalara əsasən, qədim heyvanın çəkisi təxminən 30 kiloqram olub. Bu göstərici onu iri it ölçüsündə bir gəmirici kimi xarakterizə etməyə imkan verir.

Tədqiqatın həmmüəllifi Virjini Milyen bildirib ki, bu rəqəm təxmini xarakter daşıyır və fosillər əsasında qədim heyvanların çəkisini müəyyənləşdirmək müəyyən qeyri-müəyyənliklərlə bağlıdır.

Alimlərin fikrincə, bu tapıntı Cənub-Şərqi Asiyanın da nəhəng gəmiricilərin erkən təkamül tarixində mühüm rol oynadığını göstərir. Tədqiqatçılar gələcəkdə daha çox fosil qalıqlarının aşkarlanacağına və heyvanın görünüşü, həyat tərzi barədə əlavə məlumat əldə ediləcəyinə ümid edirlər.

Samir
 

0