Böyük Britaniyanın keçmiş baş naziri Rişi Sunak ölkəsinin Rusiyanın Arktikadakı hərbi infrastrukturuna qarşı güc nümayiş etdirməsinin vacib olduğunu bildirib.
HİT.az xəbər verir ki, Sunak bu barədə “The Sunday Times” qəzetində dərc olunan məqaləsində yazıb.
Onun fikrincə, London Rusiya Prezidenti Vladimir Putinin Arktikada mövqelərini daha da möhkəmləndirməsinin qarşısını almaq üçün Moskvanın hərbi obyektlərinin Britaniya qüvvələri qarşısında həssas olduğunu göstərməlidir. Siyasətçi hesab edir ki, bu, Rusiyanın regionda hərbi fəallığının qarşısını almağa və mümkün eskalasiyanı cilovlamağa kömək edə bilər.
Sunak Böyük Britaniyanın təhlükəsizliyi baxımından Rusiyanın Şimal Donanmasının yerləşdiyi Kola yarımadasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, bu ərazini ölkəsi üçün əsas hərbi təhdid mənbələrindən biri kimi qiymətləndirib.
Keçmiş baş nazir Britaniya dəniz piyadalarının sərt iqlim şəraitində əməliyyatlar keçirmək üçün hazırlıqlı olduğunu da xatırladıb. O, eyni zamanda, Rusiya hərbi gəmilərinin fəaliyyətinə və sualtı infrastrukturun müdafiəsinin vacibliyinə diqqət çəkib.
Sunakın sözlərinə görə, Britaniyanın müdafiə naziri və Hərbi Dəniz Qüvvələrinin birinci lordunun açıqlamalarında Rusiya hərbi-dəniz qüvvələrinin ölkə sahilləri yaxınlığındakı fəallığının son bir ildə 41 faiz artdığı bildirilib.
Siyasətçi sonda Londonu Avropa müttəfiqləri və ABŞ ilə hərbi əməkdaşlığı gücləndirməyə, birgə müdafiə imkanlarını inkişaf etdirməyə və sualtı kabellərin təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görməyə çağırıb.
Samir


