Çinin müdafiə sənayesi tərəfindən hazırlanan və Rusiyanın T-90 tankına daha ucuz alternativ kimi təqdim edilən döyüş maşını yeni – səhra kamuflyajında görüntülənib.
HİT.az xəbər verir ki, bu barədə “The Defence Blog” məlumat yayıb.
Söhbət Çinin “Norinco” müdafiə şirkətinin sovet istehsalı olan T-72 tankı əsasında hazırladığı modernləşdirilmiş modeldən gedir. Döyüş maşını yeni qüllə və əlavə zireh müdafiəsi ilə təchiz edilib. Analitiklər ötən il bu modeli Rusiyanın T-90M tankına büdcə baxımından daha sərfəli alternativ kimi qiymətləndiriblər.
Tankın yeni kamuflyajda görüntüsü Çinin “Weibo” sosial şəbəkəsində yayımlanan foto vasitəsilə üzə çıxıb. Bununla belə, səhra rənglərinin hansı məqsədlə seçildiyi və konkret xarici sifarişçi üçün nəzərdə tutulub-tutulmadığı hələ məlum deyil.
Məlumata görə, modernləşdirmə paketi əsasən Afrika və Asiya ölkələrinin potensial alıcıları üçün hazırlanıb. Məqsəd yeni tankların alınmasına böyük vəsait ayıra bilməyən dövlətlərə daha güclü müdafiə və atəş imkanlarına malik texnika təklif etməkdir.
Tank ilk dəfə 2025-ci ilin iyulunda Çinin Daxili Monqolustan muxtar rayonundakı Baotou şəhərində görüntülənib. Həmin vaxt sosial şəbəkə istifadəçiləri onu Rusiyadan gətirilmiş tank hesab etsələr də, sonrakı təhlillər maşının ciddi şəkildə yenilənmiş T-72 olduğunu üzə çıxarıb.
Yeni fotoda tankın T-72-dən miras qalan əsas konstruksiyası da diqqət çəkir. Buraya gövdənin hər tərəfində altı dayaq təkəri, qüllənin ön hissəsində pazşəkilli zireh bloku və arxa tərəfdə iri avadanlıq səbəti daxildir.
Analitiklər əvvəlki görüntülərdə tankın qülləsində FY-2 reaktiv zireh bloklarını, uzaqdan idarə olunan döyüş modulunu və komandir üçün nəzərdə tutulduğu ehtimal edilən müstəqil termal nişangahı da müəyyən ediblər.
Qeyd edək ki, ümumilikdə təxminən 25 min T-72 tankı istehsal edilib və bu model hazırda dünyanın 40-a yaxın ölkəsinin silahlanmasında yer alır.
Samir


