Brokoli həm faydalı, həm də dadlı tərəvəzə çevrilə bilər. Bunun üçün onu suda qaynatmaq əvəzinə zeytun yağında qızartmaq tövsiyə olunur.
HİT.az xəbər verir ki, bu barədə Britaniyanın “Express” nəşri yazıb.
Diyetoloq və “Dishing Out Health” layihəsinin təsisçisi Ceymi Vespa bildirir ki, brokolinin qaynadılması tərəvəzin sulu və həddindən artıq yumşaq olmasına səbəb ola bilər. Bu üsul onun təbii şirinliyini də azaldaraq acı dad yaranmasına gətirib çıxara bilər.
Mütəxəssisin sözlərinə görə, qaynama zamanı C vitamini kimi bəzi faydalı maddələr suya keçərək itə bilər. Brokolinin yağda qızardılması isə qida dəyərinin daha yaxşı qorunmasına kömək edir. Bundan başqa, az miqdarda yağ orqanizmin vitaminləri mənimsəməsini asanlaşdırır.
Brokolini necə bişirmək olar?
Diyetoloqun təklif etdiyi resept üçün bir baş brokoli, iki xörək qaşığı zeytun yağı, iki xörək qaşığı limon suyu, yarım çay qaşığı üyüdülmüş sarımsaq, duz və istiot lazımdır.
Əvvəlcə brokoli kiçik çiçəklərə ayrılır. Tavada zeytun yağı orta istilikdə qızdırıldıqdan sonra tərəvəz əlavə edilir və qapaqsız təxminən bir dəqiqə qızardılır. Daha sonra tavanın qapağı örtülür və brokoli 7-10 dəqiqə ərzində, arabir qarışdırılmaqla bişirilir.
Sonda duz, istiot və sarımsaq əlavə edilir. Tava ocaqdan götürüldükdən sonra brokolinin üzərinə limon suyu sıxılır.
Bu üsulla tərəvəzin həm dadını, həm də xırtıldayan quruluşunu qorumaq mümkündür.
Samir


