“James Webb” kosmik teleskopunun əvvəllər çəkdiyi görüntüləri yenidən araşdıran alimlər parlaq ulduz işığının arxasında gizlənən nəhəng ekzoplanet aşkar ediblər.
HİT.az-ın məlumatına görə, kəşf ABŞ-ın İllinoys ştatındakı Nortvestern Universitetinin astrofiziklərinin hazırladığı yeni proqram təminatı vasitəsilə mümkün olub. Bu texnologiya teleskopun fiziki qurğularına müdaxilə etmədən onun müşahidə imkanlarını genişləndirir.
2021-ci ilin dekabrında kosmosa buraxılan “James Webb” infraqırmızı texnologiyası sayəsində kainatın dərinliklərinə dair mühüm məlumatlar əldə edib. Lakin teleskopun müşahidələrində parlaq ulduzların yaratdığı işıq əksləri yaxınlıqdakı daha zəif göy cisimlərinin aşkarlanmasını çətinləşdirir. Bəzi planetlər öz ulduzlarından milyon dəfə daha zəif işıq saçdığı üçün onların görüntülərdə seçilməsi xüsusilə mürəkkəbdir.
Bu problemi həll etmək üçün tədqiqatçılar FLIP (Planetlərin görüntülənməsi üçün fizikaya əsaslanan öyrənmə) adlı sistem hazırlayıblar. Proqram teleskopun rəqəmsal əkizi kimi fəaliyyət göstərərək ulduz işığının güzgülərdən keçib detektorlara çatmasına qədər baş verən prosesləri simulyasiya edir.
Beləliklə, sistem ulduzların görüntülərdə yaratdığı parıltının formasını modelləşdirir və həmin işıq maneəsini rəqəmsal şəkildə aradan qaldırır. Nəticədə əvvəllər parlaq işığın fonunda görünməyən göy cisimlərini aşkar etmək mümkün olur.
Tədqiqatın rəhbəri Rodriqo Ferrer-Çaves planetlərin öz ulduzlarından milyon dəfə zəif işıq saça bildiyini vurğulayaraq teleskopun həssaslığının artırılmasının əsas məqsədlərdən biri olduğunu bildirib.
Məqalədə qeyd olunur ki, rəqəmsal modelləşdirmə üsulları kosmik tədqiqatlarda yeni deyil. NASA 1970-ci ildə “Apollo 13” missiyası zamanı kosmik gəminin oksigen çənində baş verən partlayışdan sonra astronavtların təhlükəsiz Yerə qayıtması üçün simulyasiya və modellərdən istifadə edib.
Alimlər hesab edirlər ki, yeni texnologiya əvvəllər əldə edilmiş teleskop görüntülərinin də yenidən araşdırılmasına və əlavə planetlərin aşkarlanmasına imkan verə bilər.
2026-cı ilin noyabrına olan məlumata görə, astronomlar 6473 ekzoplanetin mövcudluğunu təsdiqləyiblər. NASA isə kainatda milyardlarla belə planetin ola biləcəyini ehtimal edir.
Samir


