Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadə barədə çıxarılan hökmlə razılaşmayan prokuror protest verib.
Oxu.Az-ın məlumatına görə, prokurorun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə baxılacaq.
Məhkəmənin ilk iclası dekabrın 3-də keçiriləcək.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən yekun iclasda prokuror Ayxan Vəlizadənin 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etsə də, məhkəmə onun əməlini CM-in 120.1-ci maddəsindən 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edərək ona 1 il 6 ay cəza təyin edib.
Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrında Sabunçu rayonunun Ramana qəsəbəsinin "Gülçülük sovxozu" adlanan ərazisində baş verib.
Qəsəbə sakini - 1981-ci il təvəllüdlü İftixar Vəlizadənin yaşadığı mənzildə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.
İlkin araşdırmalarla İftixar Vəlizadənin 2006-cı il təvəllüdlü oğlu Ayxan Vəlizadə tərəfindən kəsici alətlə xəsarət yetirilərək öldürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
Ayxan Vəlizadə barəsində CM-in 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


