Almaniyada fahişəlik xidmətlərindən istifadəni qadağan etmək və bu xidmətləri alan şəxsləri cəzalandırmaq təklifi hakim koalisiyada fikir ayrılığına səbəb olub. Bir sıra siyasətçilər bu sahədə İsveçdə tətbiq edilən və “Skandinaviya modeli” kimi tanınan yanaşmaya keçidi təklif edirlər.
HİT.az xəbər verir ki, bu barədə “BILD” nəşri məlumat yayıb.
Həmin modelə əsasən, seks xidmətləri göstərən şəxslər cinayət məsuliyyətinə cəlb edilmir, lakin bu xidmətləri alan müştərilərin cəzalandırılması nəzərdə tutulur.
Məlumata görə, Almaniya kansleri Fridrix Merts Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqından olan qadın deputatlarla görüşündə bu qadağaya dəstək ifadə edib. Bununla belə, o, XSU lideri Markus Söderin təşəbbüsə qarşı olduğunu bildirib. Almaniya hökumətinin nümayəndəsi isə kanslerin mövqeyini şərh etməkdən imtina edib.
Sosial Demokrat Partiyasında da qanunvericiliyin dəyişdirilməsini istəyən siyasətçilər var. Keçmiş nazirlər Ula Şmidt və Herta Doybler-Gmelin, eləcə də deputat Saskia Esken “Skandinaviya modeli”nin tətbiqini tələb edən açıq məktuba imza atıblar.
Bu gün Almaniyada fahişəliklə məşğul olan şəxslərin müdafiəsi üzrə xüsusi komissiyanın tövsiyələrinin də açıqlanması gözlənilir. “BILD”in məlumatına görə, ekspertlər seks xidmətlərinin alınmasının tam qadağan edilməsini təklif etməyəcəklər. Bunun əvəzinə, fahişəliklə məşğul olmaq üçün minimum yaş həddinin 18-dən 21-ə qaldırılması və fəaliyyətin yalnız xüsusi icazəsi olan məkanlarda həyata keçirilməsi tövsiyə olunacaq. Küçə fahişəliyinin isə əsasən qadağan edilməsi, bəzi istisnaların saxlanılması nəzərdə tutulur.
Hazırda Almaniyada seks xidmətlərinin alınması qanunidir. “Skandinaviya modeli” ilk dəfə 1999-cu ildə İsveçdə tətbiq edilib. Bu yanaşmanın tərəfdarları hesab edirlər ki, müştərilərin cəzalandırılması insan alveri və məcburi fahişəliklə mübarizəyə kömək edə bilər. Tənqidçilər isə qadağanın seks işçilərini daha təhlükəli və nəzarətsiz şəraitə sövq edə biləcəyindən narahatdırlar.
Samir


