Alimlər təxminən 100 milyon il əvvəl, dinozavrlarla eyni dövrdə yaşamış və suyun üzərində hərəkət edə bilən naməlum həşərat növünün fosillərini aşkar ediblər.
HİT.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” nəşri məlumat yayıb.
Çin Elmlər Akademiyasının Nankin Geologiya və Paleontologiya İnstitutunun rəhbərliyi ilə aparılan araşdırma zamanı 99 milyon illik kəhrəba fosilləri tədqiq edilib. Tədqiqatçılar kəhrəbanın içərisində əvvəllər elmə məlum olmayan həşərat fəsiləsinə aid qanadsız, qısa bədənli və uzun ayaqlı çəyirtkə nümunələri tapıblar.
Su üzərində necə hərəkət edirdi?
Araşdırma nəticəsində məlum olub ki, bu canlılar suyun səthi gərilməsindən istifadə edərək onun üzərində tarazlıq saxlaya və hərəkət edə biliblər. Onların bədənindəki su itələyici tüklər, eləcə də arxa ayaqlarının aşağı hissəsində yerləşən yarpaq formalı, avarabənzər çıxıntılar bu xüsusiyyəti təmin edib.
Alimlər suyun səthində yerimək qabiliyyətinin təbiətdə nadir rast gəlinən xüsusiyyətlərdən biri olduğunu vurğulayıblar.
Eyni kəhrəba parçasında 9 nümunə tapılıb
Tədqiqatçıların diqqətini çəkən digər məqam isə doqquz çəyirtkə nümunəsinin eyni kəhrəba parçasında, bir yerdə qorunub saxlanılmasıdır. Alimlər onların qidalanmaq məqsədilə böyük qruplar halında toplaşmış ola biləcəyini düşünürlər.
Bu tapıntı çəyirtkə və cırcıramaabənzər həşəratlarda qrup halında qidalanma davranışına dair məlum olan ən qədim sübutlardan biri hesab edilə bilər.
Tədqiqatçılar yeni canlıya “Hydrelcana zhangi” adını verərək onu “Hydrelcanidae” adlı yeni həşərat fəsiləsinə daxil ediblər.
Araşdırmanın nəticələri “Proceedings of the Royal Society B: Biological Sciences” elmi jurnalında dərc olunub.
Samir


