Kinoteatrlar əvvəllər popkornu niyə zala buraxmaq istəmirdi?

DÜNYA
23:53 / 26.11.2026
34

Bu gün kinoteatra gedərkən popkorn almadan film izləmək çoxları üçün çətin təsəvvür olunur. Halbuki bu qəlyanaltı vaxtilə kinoteatr sahiblərinin heç də xoş qarşılamadığı məhsullardan biri idi. Onun kinozalların ayrılmaz hissəsinə çevrilməsində isə marketinq strategiyasından daha çox Böyük Depressiyanın yaratdığı iqtisadi böhran rol oynayıb.

HİT.az xəbər verir ki, bu barədə “Smithsonian Magazine” jurnalı yazıb.

Popkorn ABŞ-a necə gəldi?

Popkorn qarğıdalının xüsusi növündən hazırlanır. Dənələr qızdırıldıqda onların daxilində yaranan buxar sərt qabığın təzyiqini artırır və nəticədə qarğıdalı partlayaraq açılır.

“Popped Culture: A Social History of Popcorn” kitabının müəllifi Endryu Smit hesab edir ki, popkorn ABŞ-a böyük ehtimalla XIX əsrin əvvəllərində balina ovçuları tərəfindən Çilidən gətirilib. Məhsul qısa müddətdə populyarlaşıb. 1885-ci ildə Çarlz Kretors buxarla işləyən ilk popkorn aparatını təqdim edib. Bununla da qəlyanaltı yarmarkalarda, sirklərdə və idman tədbirlərində geniş yayılmağa başlayıb.

Kinoteatrlar popkornun əleyhinə idi

Popkornun populyarlığı artsa da, kinoteatr sahibləri uzun müddət onun salonlara gətirilməsinə qarşı çıxıblar. Onlar kinoteatrların teatrlar kimi nüfuzlu və elit məkan təsiri bağışlamasını istəyirdilər. Bundan başqa, xalçaların çirklənməsi, zibil və kağız torbaların səsi də narahatlıq yaradırdı.

1927-ci ildə səsli filmlərin nümayişinə başlanması kinoteatrlara marağı daha da artırdı. 1930-cu ildə ABŞ-da həftəlik kino tamaşaçılarının sayı təxminən 90 milyona çatmışdı. Lakin bu dəyişiklik də kinoteatr rəhbərlərinin popkorna münasibətini dərhal dəyişmədi.

Böyük Depressiya popkornun taleyini dəyişdi

1930-cu illərdə ABŞ-da başlayan Böyük Depressiya popkornun kinoteatrlara yolunu açdı. Cəmi 5-10 sentə satılan bu qəlyanaltı iqtisadi böhran dövründə insanların özlərinə icazə verə bildiyi ucuz əyləncələrdən birinə çevrildi.

Əvvəlcə küçə satıcıları kinoteatrların qarşısında piştaxtalar quraraq popkorn satmağa başladılar. Daha sonra bəzi kinoteatrlar onlara foyedə satış üçün yer icarəyə verdi.

Popkornun gəlirli biznes olduğu qısa müddətdə aydınlaşdı. Məqalədə Dallas şəhərindəki kinoteatrlar şəbəkəsinin təcrübəsi buna nümunə göstərilir. Şəbəkə 80 zalında popkorn aparatları quraşdırsa da, ən yaxşı beş kinoteatrını bu satışdan kənarda saxlayıb. İki il sonra popkorn satılan zalların gəlirləri artıb, digər beş zal isə zərərlə işləməyə başlayıb.

Müharibə popkornun mövqeyini gücləndirdi

İkinci Dünya müharibəsi zamanı ABŞ-da şəkər qıtlığı yaranması da popkornun yayılmasına kömək edib. Şəkərli məhsulların və qazlı içkilərin satış imkanları məhdudlaşdığından popkorn daha çox tələb görüb. 1945-ci ilə qədər ABŞ-da istehlak edilən popkornun yarıdan çoxu kinoteatrlarda yeyilirdi.

1950-ci illərdə televiziyanın yayılması ilə kinoteatrlarda popkorn satışları azalmağa başladı. Lakin bu məhsul yenidən evlərə qayıtdı. Xüsusi qablaşdırılmış popkorn məhsulları, daha sonra isə mikrodalğalı sobalar onun ev şəraitində hazırlanmasını asanlaşdırdı.

Bu gün də kinoteatrların gəlirində popkorn və digər qəlyanaltıların mühüm payı var. “Smithsonian Magazine”in hesablamalarına görə, kinoteatrlar bufet məhsullarından təxminən 85 faiz mənfəət marjası əldə edir. Bu satışlar ümumi mənfəətin təqribən 46 faizini təşkil edir.

Beləliklə, vaxtilə kinozallara buraxılmayan popkorn iqtisadi böhran sayəsində kinoteatrların ən gəlirli məhsullarından birinə çevrilib.

Samir
 

0