Vaxt çatışmazlığı və qərarların mümkün qədər tez qəbul edilməsi zərurəti istənilən kollektivdə hakimiyyətin azsaylı şəxslərin əlində cəmləşməsinə səbəb ola bilər. Əksinə, müzakirələrə kifayət qədər vaxt ayrıldıqda daha bərabərhüquqlu idarəetmə modeli formalaşır.
HİT.az-ın məlumatına görə, ABŞ-ın Kaliforniya Universitetinin Mersed kampusunun alimləri bu nəticəyə kompüter simulyasiyaları əsasında gəliblər. Tədqiqatın nəticələri “Royal Society Open Science” elmi jurnalında dərc olunub.
Araşdırma sosioloq Robert Mihelsin yüz ildən çox əvvəl irəli sürdüyü “oliqarxiyanın dəmir qanunu” nəzəriyyəsini yenidən gündəmə gətirib. Həmin nəzəriyyəyə görə, istənilən təşkilat zaman keçdikcə hakimiyyəti kiçik bir elitanın əlində cəmləşdirməyə meyllidir. İndiyədək aparılan modelləşdirmələr də böyük qruplarda qərarların daha sürətli qəbul edilməsi üçün güclü liderlərin ön plana çıxdığını göstərirdi.
Yeni araşdırmada alimlər hər birində 500 virtual iştirakçı olan rəqabət aparan qrupların davranışını modelləşdiriblər. İştirakçıların hər birinin ən doğru fəaliyyət planı barədə öz mövqeyi olub və hərəkətə keçməzdən əvvəl ümumi qərara gəlmələri tələb edilib. Onların bir qismi fikirlərini çətin dəyişən, inandırıcı liderlər, digərləri isə asanlıqla təsir altına düşən iştirakçılar kimi modelləşdirilib.
Təcrübənin birinci ssenarisində qruplar qərara nə qədər tez gəlsələr, bir o qədər çox mükafat əldə ediblər. İkinci ssenaridə isə qərarın daha uzun müzakirəsi təşviq olunub.
Nəticələr göstərib ki, sürət əsas götürüldükdə liderlər tədricən digər iştirakçılar üzərində üstünlük qazanaraq hakimiyyəti öz əllərində cəmləşdiriblər. Müzakirəyə və düşünməyə daha çox vaxt ayrıldıqda isə qruplarda daha bərabərhüquqlu idarəetmə strukturu formalaşıb. Bu qanunauyğunluq həm yekdil qərar, həm də səs çoxluğu prinsipi tətbiq edilən modellərdə müşahidə olunub.
Tədqiqat müəllifləri hesab edirlər ki, cəmiyyətlərdə bərabərhüquqlu institutların formalaşması üçün kifayət qədər vaxt və resursların olması vacibdir. Resursların məhdud olduğu, qərarların təcili verilməli olduğu mühitlərdə isə liderlərin nüfuzu və təsir imkanları artır.
Alimlər bu yanaşmanın müxtəlif cəmiyyətlərdə, mədəniyyətlərdə və hətta ailələrdə idarəetmə münasibətlərinin niyə fərqləndiyini izah edə biləcəyini düşünürlər. Onların fikrincə, maliyyə sabitliyi ailələrdə daha bərabər münasibətlərin formalaşmasına da şərait yarada bilər.
Araşdırmada elm ictimaiyyəti də nümunə kimi göstərilir. Belə ki, elmi mühitdə sürətli, lakin səhv nəticələrdənsə, vaxt tələb edən dəqiq araşdırmalara üstünlük verilməsi sərt mərkəzləşdirilmiş idarəetmənin qarşısını alan amillərdən biri hesab olunur.
Samir


