İşçilərin maaşını ödəmədi, 20 min cərimələndi

13:38 / 12.02.2024
473

Bakıda işçilərin əmək hüquqlarının pozulmasına görə daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib.

HİT.az Baş Prokurorluğa istinadən xəbər verir ki, “İnternational Technology and Construction” MMC tərəfindən Qaradağ rayonunda bir neçə şəxsin əmək hüquqlarının pozulması barədə müraciət daxil olub. Bununla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı MMC-nin qanuni təmsilçisi Fuad Fətəliyev tərəfindən bir neçə şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi və əməkhaqqının ödənilməməsi müəyyən edilib.

Fakt üzrə Qaradağ Rayon Prokurorluğunda hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 192.4-cü (işçinin əməkhaqqının ödənilməsində qanun pozuntularına yol verilməsi) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

0