"İnsanların çoxu yay fəslində istirahət etmək üçün xarici ölkələrə səyahət edirlər".
Bu sözləri turizm üzrə ekspert Ceyhun Aşurov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, yay fəsli dünyada insanların əksəriyyətinin istirahət etdiyi dövrdür:
"Üstəlik, dünya üzrə səyahətlərin böyük əksəriyyəti də məhz yay fəslinə təsadüf edir. Əsasən də insanlar sərinləmək üçün çimərliklərə, dənizlərə və hovuzlara gedirlər. Əlbəttə ki, yay fəslində turistlərin razı qalması üçün lazımi şərait yaradılmalıdır. Daxili və ya xarici fərq etmədən turistlərin istirahət etməsi üçün kifayət qədər yerlər olmalıdır".
Ekspert yay turizminini inkişaf etdirmək üçün atılacaq addımlardan da bəhs edib:
"Xüsusilə çimərliklər tam təhlükəsiz olmalı və təmiz saxlanılmalıdır. Çimərliklərin təmiz saxlanılması üçün müxtəlif tədbirlər həyata keçirilməlidir. Həmçinin, biletlər ucuz olmalı və viza məsələləri asanlaşdırılmalıdır. Ən önəmli isə ölkəyə gələn turistlərin istirahəti üçün hər bir şərait yaradılmalıdır. İstər xidmətin keyfiyyəti, istərsə də onların qalacağı yerlərin sayı, habelə qiymətlər münasibliyi vacib şərtlərdən birdir".
Mütəxəssis onu da qeyd edib ki, turistlər yayda çimərliklərlə yanaşı, bəzi dağlıq regionlara da üz tututlar:
"Təbiət qoynunda daha sərin şəraitdə istirahət etməyi sevən turistlər də az deyil. Ümumiyyətlə, turist getdiyi yerdə müxtəlif turizm məhsullarını istehlak edir. Yəni o, müxtəlif çeşidli turizm məhsullarından yararlanır. Ona görə də turizm məhsulları nə qədər çeşidli və rəngarəng olarsa, ölkəmizə istirahətə gələn xarici qonaqların məmnunluğu bir o qədər artar".
Pərviz