"Azərbaycanda turizm növləri mövsümlərə görə dəyişir".
Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, hazırda qış fəsli ilə bağlı olaraq turistlər daha çox dağlıq rayonlara üz tuturlar:
"Hələ ki, dağ-xizək kurortlarına səyahət etməyə daha çox üstünlük verirlər. Ümumiyyətlə, ölkəmizin ilin 4 fəslində də turist qəbul etmək üçün böyük potensial var".
Mütəxəssis vurğulayıb ki, onların ən başlıcası da məhz çimərlik turizmidir:
"Nəzərə almaq lazımdır ki, Azərbaycanda 800 kilometrə yaxın dəniz sahili ərazisi var. Xüsusən şimal istiqamətində olan ərazilərimizdə münbit şərait mövcuddur. Həmçinin, cənub bölgəsinə qədər uzanan dəniz sahili ərazilərimizin də böyük əksəriyyətini çimərlik üçün yararlı hala gətirmək olar".
Həmsöhbətimiz qeyd edib ki, ölkəmizdəki çimərliklərdən daha səmərəli istifadə etmək olar:
"Məsələn, hazırda Nabranda çimərliklər var. Lakin ondan turizm sahəsi kimi daha yaxşı faydalanmaq mümkündür. Əgər düzgün addımlar atılsa, Nabran çimərliklərini həm yerli, həm də əcnəbi turistlərin ixtiyarına verə bilərik".
=
Rəhman Quliyev onu da əlavə edib ki, bunun üçün investorlara daha çox şərait yaratmaq lazımdır:
"Düzdür, hazırda öz biznesini qurmaq istəyən istənilən sahibkara ölkəmizin hər yerində şərait yaradılır. Bu, dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu isə özünü iqtisadi cəhətdən müsbət şəkildə göstərir. Lakin daha da yaxşı imkanlar yaradılsa, investorlar turizm sahəsinə də ciddi yatırım edərlər.
Eyni zamanda, aşağı büdcəli turistlər üçün nəzərdə tutulan ekonom büdcəli istirahət komplekslərinin tikilməsini zəruri hesab edirəm. Bundan başqa, Azərbaycanda çimərlik üçün uyğun əraziləri inkişaf etdirməliyik. Bütün bunlar turizm üçün vacib faktorlar sırasındadır".
Pərviz