Azərbaycana gələn turistlər əsasən hansı suvenirləri alırlar?

İQTİSADİYYAT
13:25 / 21.04.2025
76

Hər ölkəyə gedən turistlər həmin yerlərdən xatirə qalması üçün bir çox simvolik suvenirlər alırlar. 

Bu, hər ölkəyə görə dəyişir. Üstəlik, belə suvenirlər həm də ölkənin turizm reklamına töhfə verir. Çünki ölkələrinə qayıdan turistlər həmin suvenirləri evlərinə və ya iş yerlərinə qoyurlar. Bu isə getdikləri ölkənin daim xatırlanmasına və başqa insanların da o ölkəyə marağının artmasına səbəb olur. 

Bəs Azərbaycana gələn turistlər əsasən hansı suvenirləri satın alırlar? Ümumiyyətlə, ölkəmizin turizm təbliğatı üçün hansı atributlardan istifadə etmək olar? 

Mövzu ilə bağlı turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlama verib. O bildirib, hər bir turist getdiyi ölkədən simvolik olaraq həmin yerin atributunu alır:

371692

"Azərbaycana gələn turistlər də ölkəmizdən xatirə qalması üçün belə suvenirlər alırlar. Məsələn, əsasən buta formasında olan fiqurlar ölkəmizə gələn turistlərin diqqətini daha çox cəlb edir. 

Həmçinin, turistlər Qız qalası və Alov qüllələrinə aid suvenirləri satın alırlar. Suvenirlərlə yanaşı, ölkəmizə gələn əcnəbilər Azərbaycan xalçaları da almağa üstünlük verirlər. Hansı ki, xalçaçılıq da qədim Azərbaycan ənənələrini əks etdirir. Bunların hər biri öz növbəsində odlar yurdu Azərbaycanı simvolik olaraq tərənnüm edir". 

Mütəxəssis Azərbaycanın turizm təbliğatı üçün başqa atributlardan istifadə etməyi də təklif edib:

"İlk növbədə Qarabağa aid simvolların suvenirləri hazırlanmalıdır. Əsasən xarıbülbülün simvolunu daha çox önə çəkmək lazımdır. Həmçinin, Şuşa və digər işğaldan azad olunan şəhərlərimizin hər biri üçün ayrıca suvenirlər satışa çıxarmaq mümkündür. Nəzərə almaq lazımdır ki, onların hər biri daima turistlərin masalarında olacaq". 

Pərviz

0