Azərbaycanda səhm bazarına maraq YOXDUR

İQTİSADİYYAT
15:05 / 21.04.2026
56

Dünyada səhm bazarlarına maraq olduqca böyükdür.

İnsanlar müxtəlif şirkətlərin səhmlərini alaraq qazanc əldə edirlər. Ölkəmizdə isə bu sahəyə maraq yoxdur. Bizim cəmiyyət hələ də öz pullarını qızıl və daşınmaz əmlak kimi ənənəvi yatırımlara sərf edirlər. Həmçinin, pulu heç yerə yatırmayıb saxlayanlar da var. Lakin vəsaitlərini səhm bazarında dəyərləndirməyə maraq göstəmirlər. Vətəndaşlar səhm bazarını hələ də yüksək riskli, mürəkkəb və qeyri-müəyyən bir sahə kimi qəbul edirlər...

İqtisadçı alim Fuad İbrahimov Hit.az-a açıqlamasında bildirib ki, səhm bazarına maraq təkcə Azərbaycanda az deyil:


“Ümumiyyətlə, MDB bazarında da eyni vəziyyət hökm sürür. Sadəcə Rusiya Ukrayna müharibəsindən öncə bir balaca səhm bazarında digər respublikalara baxanda irəlidə idi. Bizdə isə institusional əsas, baza və təşviq yoxdur. Eyni zamanda, səhm bazarı ilə bağlı maarifləndirmə də aparılmır, habelə milli elektron ticarət platformaları tərəfindən də bu sahəyə yetərincə dəstək yoxdur. Bütün bu amillər səhm bazarına marağın böyük olmamasına gətirib çıxarır”.

Lakin ekspert qeyd edib ki, son dövrlərdə bu sahədə müəyyən qədər aktivləşmə gedir:
“Mərkəzi Bank tərəfindən də kifayət qədər işlər görülür. Hesab edirəm ki, bundan sonra səhm bazarına marağın müəyyən qədər artmasına şahid ola bilərik. Çünki son zamanlarda insanların bu sahədə maarifləndirilməsi ilə bağlı bəzi addımlar atılır. Düzdür, hazırda həm maraq, həm də aparılan işlər istənilən səviyyədə deyil. Ümid edirik ki, gələcəkdə bizdə də səhm bazarında ən azından müəyyən qədər aktivlik yaranacaq”.

Elmir Mustafa


 

0