Bakı Enerji Həftəsi - “Çox böyük əhəmiyyəti var”

İQTİSADİYYAT
15:00 / 01.06.2026
139

“Azərbaycanın paytaxtı Bakı mütəmadi olaraq beynəlxalq tədbirlərə ev sahibliyi edir”. 

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu, artıq normal bir hala çevrilib:


“Dünyada ölkəmizin ən mötəbər, böyük və nüfuzlu tədbirlərə ev sahibliyi etmək bacarığını yüksək qiymətləndirirlər. Bu da çox vacib bir məqamdır. Artıq beynəlxalq qurumlar da Azərbaycanın keçirdiyi hansısa tədbirdə problem olmayacağını bilir. Məsələn, bu yaxınlarda Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) də çox yüksək səviyyədə təşkil olundu”.

Partiya sədri qeyd edib ki, bu gün açılışı olan Bakı Enerji Həftəsi də çox mühüm tədbirdir:
“Ölkəmizdə hər il keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunan ölkələrin və iştirakçıların da sayı artmaqdadır. Bu gün də Bakı Ekspo Mərkəzində Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan “Baku Energy Week” (Bakı Enerji Həftəsi) öz işinə başladı.

Tədbir çərçivəsində qlobal enerji liderlərinin, dünyanın aparıcı enerji şirkətlərinin, dövlət qurumlarının, investorları və sənaye mütəxəssislərinin paytaxtımızda enerji başda olmaqla bir sıra məsələlər ətrafında müzakirə aparması nəzərdə tutulur. Həmçinin, dünyanın aparıcı ölkələrinin şirkətlərinin burada təmsil olunması da olduqca mühüm faktordur”.

Akif Nağı diqqətə çatdırıb ki, ölkəmizdə keçirilən tədbirlərdə mühüm məsələlər müzakirələr olunur və qarşılıqlı əməkdaşlıqla bağlı müqavilələr imzalanır:
“Enerji sahəsində, xüsusilə də yaşıl enerji və logistika sahələrinin inkişafı çox mühümdür. Bakı Enerji Həftəsində bu sahələri əhatə edən yeniliklərlə bağlı təcrübə mübadiləsi aparılır. Həqiqətən də müasir dünyada yaşıl enerji kimi məsələlərin müzakirəsinə böyük ehtiyac var. 

Nəzərə almaq lazımdır ki, bu tədbirə 46 ölkədən 276 şirkət qatılıb. Onların hər biri böyük təcrübəyə malikdir. Belə xarici şirkətlərin nümayəndələrinin Bakıya gəlməsi Azərbaycan şirkətləri üçün də yeni imkanlara açır. Üstəlik, belə tədbirlər nəticəsində yerli şirkətlərimiz çox ciddi nəticələr çıxarır və məlumatlar əldə edirlər. Yəni belə tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycan üçün həm beynəlxalq aləmdə nüfuzunun artması, həm də təcrübə baxımından böyük əhəmiyyətə malikdir”.

Elmir Mustafa
 

0