Cari ilin yanvar–iyun aylarında “AFB Bank”ın maliyyə nəticələrində ciddi geriləmə müşahidə olunub.
Bank hesabat dövrünü 237 min manat xalis mənfəətlə başa vursa da, bu göstərici ötən ilin eyni mərhələsi ilə müqayisədə təxminən 11,5 dəfə aşağı səviyyədədir. Ümumiyyətlə, son illərdə Azərbaycanın bank sektorunda bir sıra kredit təşkilatlarının fəaliyyətini dayandırması maliyyə bazarına olan həssaslığı artırıb.
Mövcud statistika və son maliyyə göstəriciləri fonunda bank sistemində hansı proseslər müşahidə olunur? Hazırkı şəraitdə hər hansı bankın lisenziyasının ləğv edilməsi və ya fəaliyyətini dayandırması ehtimalı nə dərəcədə real görünür?
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında bildirib ki, mövcud göstəricilər hazırda ölkənin bank sistemində hər hansı maliyyə institutunun bağlanmasını zəruri edən vəziyyət formalaşmadığını göstərir:

“Banklar tənzimləyici qurumun müəyyən etdiyi maliyyə normalarına uyğun fəaliyyətlərini davam etdirirlər və onların ödəmə qabiliyyəti ilə bağlı kritik risklər görünmür. Bankların maliyyə nəticələrində müşahidə olunan zəifləmə bütövlükdə iqtisadi mühitin təsirlərindən qaynaqlanır.
Son dövrlərdə müxtəlif sahələrdə olduğu kimi, maliyyə sektorunda da gəlirlilik əvvəlki illərlə müqayisədə aşağı səviyyədədir. Rəqabət şəraitində iri bankların bazarda üstün mövqeyə malik olması kiçik və orta bankların inkişaf imkanlarını müəyyən qədər məhdudlaşdırır. Müştərilərin daha çox tanınmış banklara üstünlük verməsi də bu fərqin dərinləşməsinə səbəb olur”.
Ekspert bildirib ki, bank sektoru üzrə ümumi depozit portfeli artım nümayiş etdirsə də, bəzi maliyyə institutlarında vəsaitlərin azalması qeydə alına bilər:
“Bu isə həmin bankların mütləq maliyyə problemi yaşadığı və ya fəaliyyətini dayandıracağı anlamına gəlmir. Hazırkı mənzərə onu deməyə əsas verir ki, adı çəkilən bankların fəaliyyəti ilə bağlı fövqəladə risklər müşahidə edilmir və onların bağlanacağına dair hər hansı real siqnal mövcud deyil”.
Günel Cəlilova


