“Temu” Azərbayacanda bağlana bilər? – Ekspert DANIŞDI

İQTİSADİYYAT
11:34 / 20.07.2026
228

Azərbaycanda fəaliyyət göstərən xarici elektron ticarət platformalarından biri olan “Temu” dövlət qurumunun diqqət mərkəzinə gəlib. 

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi platformanın sahibi “PDD Holdings” şirkətinin bazardakı davranışları ilə bağlı araşdırma başladığını açıqlayıb. Rəsmi məlumatda bildirilir ki, araşdırmanın səbəbi şirkətin qiymət formalaşdırılması zamanı rəqabət qaydalarını poza biləcəyi ilə bağlı yaranmış şübhələrdir. İddialar Azərbaycan Rəqabət Məcəlləsində hökmran mövqedən sui-istifadə və bazarda qiymətlərin tənzimlənməsi ilə bağlı nəzərdə tutulan bir neçə maddəni əhatə edir. Hazırda məsələ üzrə hüquqi prosedur davam etdirilir və yekun nəticə hələ açıqlanmayıb.

Bu proses xüsusilə “Temu” vasitəsilə mütəmadi alış-veriş edən istehlakçıların marağına səbəb olub. Bir çox istifadəçi araşdırmanın platformanın ölkədəki fəaliyyətinə, sifarişlərin icrasına və xidmətlərin göstərilməsinə hər hansı məhdudiyyət yaradıb-yaratmayacağından narahatlıq keçirir.

İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib ki, araşdırmanın yekun qərarı açıqlanana qədər “Temu”nun Azərbaycan bazarındakı fəaliyyətinə münasibətdə hər hansı hüquqi nəticənin formalaşacağını söyləmək olmaz:

405058

“Buna görə də platformanın fəaliyyətinin məhdudlaşdırılacağı və ya ölkədə xidmət göstərməyəcəyi barədə yayılan ehtimallar hazırda rəsmi əsas daşımır. Qiymətlərin bazar səviyyəsindən aşağı müəyyənləşdirilməsi isə özlüyündə qanun pozuntusu kimi qəbul edilmir. Hüquqi baxımdan əsas məsələ həmin siyasətin rəqibləri bazardan sıxışdırmaq məqsədi daşıyıb-daşımaması, bazarda üstün mövqedən istifadə edilməsi və bunun rəqabət mühitinə mənfi təsir göstərib-göstərməməsidir”.

Ekspert hesab edir ki, belə iddialar araşdırılarkən şirkətin bazardakı iqtisadi gücü, bazar payı, istehlakçı davranışına və digər sahibkarlıq subyektlərinə təsiri, eləcə də qiymət strategiyasının nəticələri kompleks şəkildə qiymətləndirilir:

“Yalnız bundan sonra qanunvericiliyin pozulub-pozulmadığı barədə hüquqi mövqe müəyyən edilir. Eyni zamanda, araşdırmanı aparan qurum hələlik iddiaların əsaslandığı konkret faktları və hansı hərəkətlərin qanunun hansı normasına zidd hesab olunduğunu açıqlamayıb. Bu səbəbdən proses başa çatmadan “Temu”ya qarşı irəli sürülən ittihamların əsaslı və ya əsassız olması barədə birmənalı nəticəyə gəlmək düzdür deyil”.

Günel Cəlilova

0