Təbii fəlakətlər, yanğın və digər gözlənilməz hadisələr zamanı maddi itkilərin qarşısını qismən almağa imkan verən daşınmaz əmlak sığortası Azərbaycanda hələ də geniş yayılmayıb.
Bu istiqamətdə illərdir müzakirələr aparılsa da, sığorta olunan əmlakların sayı ümumi fonda aşağı olaraq qalır. Rəsmi göstəricilər də təsdiqləyir ki, ölkədə mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin böyük hissəsi heç bir sığorta təminatı ilə əhatə olunmayıb.
Azərbaycan Mərkəzi Bankının açıqlamasına əsasən, bu sahədə görülən işlər davam etsə də, daşınmaz əmlakın sığorta ilə əhatə dairəsini nəzərəçarpacaq səviyyədə artırmaq hələ mümkün olmayıb.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Hit.az-a açıqlamasında deyib ki, daşınmaz əmlakın sığortalanması ilə bağlı zəif göstəricilər ilk növbədə insanların bu xidmətin üstünlükləri barədə kifayət qədər məlumatlı olmamasından irəli gəlir:

“Əksər hallarda vətəndaşlar illərlə zəhmətlə əldə etdikləri əmlakı mümkün təhlükələrə qarşı maliyyə baxımından qorumağı vacib hesab etmirlər. Gözlənilməz hadisələr nəticəsində əmlaka zərər dəydikdə, sığorta müqaviləsi olan şəxslər dəymiş ziyanın ödənilməsi üçün dövlət büdcəsinə deyil, sığorta təminatına arxalana bilirlər. Bu da kompensasiya prosesinin sığorta mexanizmi vasitəsilə həyata keçirilməsini təmin edir”.
Günel Cəlilova


