“Azərbaycan mafiyası”nın rəhbəri axtarışa verildi, atası şirkət rəhbəridir

HADİSƏ
23:33 / 18.10.2023
594

Sankt-Peterburqda müstəntiqlər şəhərdə təsadüfi yoldan keçənlərə hücum edən və dava salan qrupun saxlanılan üzvləri ilə bağlı axtarış aparıblar. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsindən məlumat verilib.

Müstəntiqlərin versiyasına görə, özlərini “Azərbaycan mafiyası” adlandıran qruplaşma üzvləri onların hücumlarını lentə alaraq internetdə yayıblar. Bu cinayətlərin istintaqını şəhər prokurorluğu xüsusi nəzarətə götürüb.

“Saxlanılanların telefonlarında onların qanunsuz fəaliyyətlərini əks etdirən çoxlu videolar, o cümlədən təsadüfi yoldan keçənlərin döyülməsi ilə bağlı altı hadisə aşkarlanıb. Bütün cinayətlər bu qrupun üzvləri tərəfindən telefonlarla lentə alınıb və internetdə yerləşdirilib”, - Sankt-Peterburqun hüquq-mühafizə orqanlarındakı mənbə bildirb. 

Qrupun üzvü olduğu ehtimal edilən 8 nəfəri oktyabrın 17-də Sankt-Peterburqda polis saxlayıb. Sankt-Peterburqun hüquq-mühafizə orqanlarındakı mənbəsinin verdiyi məlumata görə, hazırda onların hamısı şahid statusundadır.

Saxlanılanlar 17-18 yaşlarındadır, onlardan beşi Azərbaycan vətəndaşıdır, digər üç nəfərin Rusiya pasportu var. Dindirilmələr zamanı onların hamısı bir nəfəri, 18 yaşlı Sankt-Peterburq sakini, etnik azərbaycanlı, lakin Rusiya vətəndaşını göstəriblər ki, o, qrupun lideri və cinayətlərin təşkilatçısı adlandırılır.

“Həmin şübhəli şəxs sankt-peterburqlu sahibkarın oğludur - bir neçə şirkətin sahibi və baş direktorudur. Hazırda axtarışdadır”, - mənbə vurğulayıb. 

Oktyabrın 15-də Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Sankt-Peterburqda azərbaycanlıların küçədə yerli sakinləri döyməsi ilə bağlı internetdə yayılan videoların yoxlanılması barədə göstəriş verib.

O cümlədən, İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin rəisi vəzifəsini icra edən Oleq Bobkova cinayət işi başlamaq və hadisə ilə bağlı protokol təqdim etmək tapşırılıb.

Hazırda Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (“Xuliqanlıq”) ilə qrup üzvlərinə qarşı törədilmiş silsilə cinayətlər üzrə cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Bu maddəyə əsasən, qrupun bütün üzvlərini 7 ilə qədər həbs cəzası gözləyir.

Mənbəsinin məlumatına görə, hazırda yeddi cinayət epizodu məlumdur. Məsələn, yayın əvvəlində Sankt-Peterburqun Krasnoselski rayonunda idman klubunun yaxınlığında yoldan keçən iki nəfər döyülüb.

Avqust ayında ödənişli magistral keçid məntəqəsində qrup üzvlərindən biri qəsdən digər avtomobili vurub. Eyni zamanda Krasnoselski rayonundakı ticarət mərkəzinin yaxınlığında xuliqanlar iki qardaşla dava salıblar. Sentyabrda şəhərin mərkəzindəki klubun yaxınlığında xuliqanlardan biri kişini döyüb.

Daha üç epizodda cinayətlərin baş verdiyi yerlər və qurbanların şəxsiyyətləri müəyyənləşdirilir.

Oktyabrın 16-da Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti qrupun üzvü olduğu iddia edilən 18 yaşlı gənclə bağlı video yayımlayıb. O, yoldan keçənlərə hücumlarda iştirakını inkar edir. Lakin saxlanılan şəxs zorakılıq videosunu tanışından aldığını və daha sonra Telegram kanalının reytinqini artırmaq üçün yayımladığını bildirib.

Məlumatda qeyd edilir ki, özünü “Azərbaycan mafiyası” adlandıran qrupun lideri Sankt-Peterburqda yoldan keçənlərə hücumlara görə axtarışa verilib. 

Saxlanılan qrupun bütün üzvləri bildiriblər ki, onların lideri və cinayətlərin təşkilatçısı 18 yaşlı Sankt-Peterburq sakini, etnik azərbaycanlı, lakin Rusiya vətəndaşıdır. Qeyd edildiyi kimi, o, sankt-peterburqlu sahibkarın oğludur – atası bir neçə şirkətin sahibi və baş direktorudur.

0