D3 vitamini obstruktiv yuxu apnesi ilə əlaqəli damar və böyrək zədələnməsini, xüsusilə bu vitaminin çatışmazlığı zamanı, azalda bilər. Səud Kral Universitetinin alimləri siçovullar üzərində apardıqları təcrübə zamanı bu qənaətə gəliblər.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “Frontiers in Physiology” jurnalında dərc olunub.
Obstruktiv yuxu apnesi vaxtaşırı tənəffüsün dayanması və qanda oksigen səviyyəsinin azalması ilə müşayiət olunur. Bu vəziyyət damarların vaxtından əvvəl zədələnməsinə səbəb ola bilər. Tədqiqatçılar 56 siçovul üzərində bu vəziyyəti modelləşdiriblər. Heyvanların bir qismində eyni zamanda D3 vitamini çatışmazlığı yaradılıb, daha sonra onların bəzilərinə 14 gün ərzində müxtəlif dozalarda həmin maddə verilib.
Oksigen çatışmazlığı ilə D vitamini çatışmazlığının birlikdə olması orqanizm üçün ən əlverişsiz nəticələrə səbəb olub. Heyvanlarda iltihab və damarların daxili qişasının zədələnməsi güclənib, azot oksidinin konsentrasiyası isə azalıb.
Azot oksidi (NO) damarların hamar əzələlərini boşaldan, onların genişlənməsini təmin edən və normal qan dövranını dəstəkləyən mühüm siqnal molekuludur. Azot oksidinin kifayət qədər olması arterial təzyiqin davamlı yüksəlməsinin qarşısını almağa, həmçinin trombositlərin bir-birinə yapışmasının qarşısını almağa kömək edir.
Bundan əlavə, alimlər qanın süzülməsi və sidiyin əmələ gəlməsində iştirak edən strukturlar — böyrək kanalcıqlarının zədələndiyini müəyyən ediblər. D3 vitamini qəbulundan sonra bu dəyişikliklərin şiddəti azalıb. Daha yüksək doza aşağı dozadan daha effektiv olub və vitamin qəbul edən heyvanlarda böyrək kanalcıqlarına xas zədələnmələr aşkarlanmayıb.
Müəlliflər hesab edirlər ki, gələcəkdə D3 vitamini yuxu apnesi və D vitamini çatışmazlığı olan insanlarda damar və böyrəklərin qorunması üçün əlavə vasitə kimi nəzərdən keçirilə bilər. Lakin hələlik bunlar ilkin nəticələrdir: tədqiqat heyvanlar üzərində aparılıb və buna görə də əldə olunan nəticələri, eləcə də istifadə edilən dozaları birbaşa insanlara tətbiq etmək olmaz.
Samir


