Daşınmaz əmlak bazarında ən tez və gec satılan əmlak növləri hansılardır?

İQTİSADİYYAT
21:57 / 14.11.2026
19

 “Daşınmaz əmlak növləri əsasən paytaxtda yerləşdiyi əraziyə görə tez və yaxud gec satılır. O ki, qaldı hansı əmlak növünün daha tez satılmasına... Təcrübə göstərir ki, ən tez satılan, likvid hesab edilən əmlak növü çoxmərtəbəli binalardakı mənzillərdir. Xüsusilə, yeni tikililərdəki kiçik sahəli, məsələn birotaqlı və yaxud iki otağa düzəldilmiş mənzillər daha tez satılır. Təsadüfi deyil ki, yeni tikilən çoxmərtəbəli binalarda birotaqlı mənzillər qısa zamanda satılıb qurtarır”.

Bu sözləri daşınmaz əmlak bazarında ən tez və gec satılan əmlak növləri barədə  Bizim.Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

O bildirib ki, kiçik mənzillərin özəlliyi odur ki, dəyərləri daha azdır:

“Məsələn heç də hər kəsin imkanı olmur ki, 250-300 min manata 2-3 otaqlı mənzil alsın. Amma 170 min manata birotaqlı mənzil almağa çoxlarının imkanı olur. Üstəlik, birotaqlı mənzilə kirayə bazarında da ehtiyac böyükdür. Bir sözlə, kiçik ölçülü mənzillər həm alqı-satqı, həm də kirayə üçün daha likviddir.

Ən tez satılan ikinci daşınmaz əmlak - qarajlardır. Bilirsiniz ki, paytaxtda parkinq yerlərinin azlığı və parkinq qiymətlərinin bəzi hallarda baha olması avtomobil sahiblərini problemi birdəfəlik çözməyə vadar edir. Və bu problemin həlli üçün ən yaxşı variant şəxsi avtomobil qarajıdır. Bu səbəbdən Bakıda qarajlara tələbat çox yüksəkdir.

Kiçik həcmli və işlək ərazidə yerləşən kommersiya obyektləri də daha tez satılır. Paytaxtda boş olan böyük torpaq sahələri də likvid hesab olunur. Çünki belə torpaqlar MTK-lar üçün əvəzsizdir. Hazırda belə torpaqlar el dili ilə desək “gündüzlər çıraqla axtarılır”.

Hansı əmlak növünə maraq azdır?

Müsahibimiz qeyd edib ki, həyət evlərinin likvidliyi böyük deyil:

“Əgər həyət evi dənizə və kommunikasiya xətlərinə yaxındırsa, yalnız o zaman tez satıla bilər. Ümumilikdə isə həyət evləri gec satılır. Bundan əlavə ən gec satılan daşınmaz əmlaklar iri ticarət və əmlak kompleksləridir. Belə əmlakların alıcı coğrafiyası çox kiçik olur. Çünki belə əmlakların qiyməti çox baha olur. Bu səbəbdən də çox az adamın belə obyekti almağa imkanı çatır. Bir sözlə məbləği çox böyük olan daşınmaz əmlaklar likvid deyil”.

0