Fizik: İnsanların azad iradəsi yoxdur, seçim etdikləri yalnız illüziyadır

MARAQLI
09:03 / 05.11.2026
39

İnsanların öz qərarlarını müstəqil şəkildə verdiyi düşüncəsi əslində mürəkkəb sistemlərin davranışını əvvəlcədən dəqiq proqnozlaşdırmağın mümkünsüzlüyündən yaranan illüziya ola bilər. Fiziklərin irəli sürdüyü yeni yanaşmaya görə, kainat fundamental səviyyədə öyrənən neyron şəbəkəsi kimi fəaliyyət göstərir və insan da bu sistemin ayrılmaz hissəsidir.

HİT.az xəbər verir ki, bu barədə ABŞ-ın Minnesota Universitetinin fizika professoru, “Artificial Neural Computing” şirkətinin baş direktoru Vitali Vançurin “Gazeta.Ru”ya müsahibəsində danışıb.

Alimin fikrincə, dünyanın riyazi təsvirinə əsaslanan modeldə azad iradə ənənəvi mənada mövcud deyil. Çünki insan kainatdan kənarda dayanan müşahidəçi deyil, onun daxilində fəaliyyət göstərən sistemin bir hissəsidir. Buna görə də insanın davranışı da həmin sistemin ümumi qanunlarına uyğun formalaşır.

Vançurin bu vəziyyəti kvant mexanikasında müşahidəçi problemi ilə müqayisə edib. Onun sözlərinə görə, müşahidəçi sistemdən kənarda olduqda riyazi təsvirlər problemsiz işləyir. Lakin müşahidəçinin özü sistemin bir hissəsinə çevrildikdə müəyyən ziddiyyətlər ortaya çıxır. Fizik hesab edir ki, azad iradə məsələsində də oxşar çətinlik yaranır.

Alim bildirir ki, mürəkkəb sistemlərin dinamikasında təsadüfi amillər mövcud olduğundan onların gələcək davranışını tam dəqiqliklə proqnozlaşdırmaq mümkün deyil. Məhz bu qeyri-müəyyənlik insanda qərarları öz iradəsi ilə verdiyi hissini yaradır.

Vançurin fəlsəfi yanaşma ilə fiziki nəzəriyyə arasında fərq olduğunu da vurğulayıb. Onun sözlərinə görə, fiziki nəzəriyyə əvvəlcədən müəyyən edilmiş riyazi prinsiplərə əsaslanmalı, irəli sürülən proqnozlar isə təcrübələrlə yoxlanılmalıdır. Nəticələr eksperimentlərlə uyğun gəlmədikdə nəzəriyyənin əsasları yenidən nəzərdən keçirilməlidir.

Qeyd edək ki, Vitali Vançurin kainatın fundamental səviyyədə öyrənmə qabiliyyətinə malik neyron şəbəkəsi olduğu hipotezinin müəllifidir. Bu yanaşma hələ təsdiqlənmiş elmi nəzəriyyə deyil və azad iradənin mövcud olmaması barədə qəti elmi nəticə kimi qəbul edilməməlidir.

Samir

0