Qadınların uzaq durmalı olduğu kişilərin 12 davranışı - Münasibətləri məhv edən vərdişlər

MARAQLI
22:14 / 04.11.2026
38

Bəzi kişilərin davranışları sağlam münasibət qurmağa mane olmaqla yanaşı, qadınlarda öz seçimlərinə dair şübhələr də yarada bilər. Emosional soyuqluq, həddindən artıq qısqanclıq, manipulyasiya və şəxsi inkişafdan imtina belə münasibətlərin gələcəyini təhlükə altına alan əsas amillərdəndir.

HİT.az xəbər verir ki, bu barədə “YourTango” nəşrində dərc olunan məqalədə qadınların münasibət qurarkən diqqət etməli olduqları 12 davranış xüsusiyyəti sadalanıb.

1. Emosional baxımdan qapalı olması

Öz hisslərini ifadə etməkdə çətinlik çəkən kişilər çox vaxt tərəfdaşlarının emosiyalarını da anlamaqda çətinlik çəkirlər. Belə insanlar qarşı tərəfin narahatlıqları ilə üzləşdikdə ünsiyyətdən qaçmağa üstünlük verirlər.

2. Mübahisələrdən və çətin söhbətlərdən yayınması

Problemləri müzakirə etmək əvəzinə onlardan qaçmaq emosional yetkinliyin çatışmadığını göstərə bilər. Halbuki sağlam münasibətlərdə fikir ayrılıqlarını açıq və hörmət çərçivəsində müzakirə etmək vacibdir.

3. Passiv aqressiv davranması

Narazılığını açıq bildirmək əvəzinə susmaq, küsərək cəzalandırmaq və qarşı tərəfi qəsdən görməzdən gəlmək emosional manipulyasiyanın formalarından biri hesab olunur.

4. Partnyorunu idarə etməyə çalışması

Həddindən artıq qısqanclıq və qadının müstəqilliyinə müdaxilə ciddi xəbərdarlıq əlamətidir. Belə kişilər bəzən tərəfdaşlarının sərbəst qərarlarını özlərinə qarşı təhlükə kimi qəbul edirlər.

5. Tənqidi qəbul edə bilməməsi

Hətta konstruktiv iradlara belə aqressiv reaksiya vermək və hər qeydi şəxsi təhqir kimi qəbul etmək insanın öz davranışlarını təhlil etmək qabiliyyətinin zəifliyindən xəbər verə bilər.

6. Davranışlarında ardıcıllığın olmaması

Verdiyi sözləri mütəmadi olaraq yerinə yetirməmək, razılaşmaları pozmaq və qeyri-sabit davranmaq etibarlı münasibət qurmağa mane olur.

7. Bağışlamağı bacarmaması

Keçmiş mübahisələri daim gündəmə gətirmək, kiçik səhvləri belə unutmamaq və tərəfdaşı davamlı olaraq özünü müdafiə etməyə məcbur etmək münasibətlərdə gərginlik yaradır.

8. Başqalarını alçaltması

Ətrafındakı insanları təhqir etmək və onların hesabına özünü üstün göstərməyə çalışmaq özünəinam çatışmazlığının göstəricisi ola bilər. Belə davranışın gələcəkdə tərəfdaşa qarşı da yönəlməsi mümkündür.

9. Öz üzərində işləmək istəməməsi

Şəxsi inkişafdan imtina edən, səhvlərini təhlil etməyən və dəyişməyə ehtiyac duymayan insanla münasibətlərdə problemlərin təkrarlanması ehtimalı yüksəkdir.

10. Hər şeyi rəqabətə çevirməsi

Dostları, həmkarları və hətta öz partnyoru ilə daim müqayisə aparmaq sağlam münasibətlərə zərər verir. Xüsusilə qadının uğurlarına sevinə bilməmək və onun nailiyyətlərini özünə təhlükə kimi görmək diqqət çəkən davranışdır.

11. Aydın prinsiplərinin olmaması

Ətrafındakı insanların rəğbətini qazanmaq üçün fikirlərini və dəyərlərini tez-tez dəyişmək daxili sabitliyin olmamasına işarə edə bilər.

12. Hisslərini və zəif tərəflərini göstərməkdən qorxması

Bəzi kişilər keçmiş təcrübələr, ailə tərbiyəsi və ya özünəinam problemləri səbəbindən emosiyalarını ifadə etməkdən çəkinirlər. Halbuki səmimiyyət və qarşılıqlı etibar yaxın münasibətlərin əsas şərtlərindəndir.

Məqalədə qeyd olunur ki, sağlam münasibət yalnız qarşılıqlı hisslərdən deyil, həm də dürüstlükdən, emosional açıqlıqdan və bir-birinə qayğı göstərməkdən asılıdır.

Lisenziyalı klinik sosial işçi Terri Qaspardın fikrincə, insanın öz həssas tərəflərini partnyoru ilə bölüşməsi bəzən çətin olsa da, məhz bu açıqlıq münasibətlərdə etibarın və emosional yaxınlığın yaranmasına kömək edir.

Samir
 

0