Yapon alimləri kəpənəklərin davranışı ilə bağlı mövcud elmi təsəvvürləri şübhə altına alan yeni araşdırma aparıblar. Tədqiqatçılar hesab edirlər ki, bu həşəratlar nə öz növlərinin nümayəndələrini, nə də qarşılaşdıqları fərdlərin erkək və ya dişi olduğunu ayırd edə bilirlər.
HİT.az xəbər verir ki, bu barədə “Gazeta.ru” nəşri “Ecology and Evolution” jurnalında dərc olunan elmi araşdırmaya istinadən məlumat yayıb.
Osaka Şəhər Universitetinin alimləri kəpənəklərin cütləşmə və ərazi davranışları ilə bağlı çoxsaylı tədqiqatları təhlil ediblər. Araşdırma zamanı onların öz növündən olan fərdləri və cinsləri tanımaq qabiliyyətinə dair yetərli sübut tapılmayıb.
Alimlər uzun müddət erkək kəpənəklərin bir-birini təqib etməsini ərazi uğrunda rəqabət kimi izah ediblər. Lakin sonradan bu davranışın cütləşmə mərasiminin ilkin mərhələsi ola biləcəyi ehtimalı irəli sürülüb.
Tədqiqat müəllifləri bununla bağlı “Partnyor və təhlükə məkanı” (PHS) adlı yeni konsepsiya təklif ediblər. Bu nəzəriyyəyə əsasən, kəpənəklərin davranışını iki əsas daxili reaksiya müəyyənləşdirir: cütləşməyə təşviq edən potensial partnyor obrazı və uzaqlaşmağa səbəb olan təhlükə siqnalı. Onlar qarşılaşdıqları digər fərdləri növünə və cinsinə görə deyil, bu iki reaksiyadan hansını yaratmasına uyğun qiymətləndirirlər.
Araşdırmada erkək kəpənəklərin parlaq və fərqli qanad naxışlarına da izah verilib. Alimlərin fikrincə, bu rənglər dişilərin diqqətini cəlb etmək və potensial cütləşmə partnyoru kimi seçilmək üçün təkamül prosesində formalaşıb.
Tədqiqat müəllifləri bildirirlər ki, irəli sürülən fərziyyənin əlavə təcrübələrlə təsdiqlənməsinə ehtiyac var. Əgər nəzəriyyə öz təsdiqini tapsa, bu, yalnız kəpənəklərin deyil, digər heyvanların davranışlarının öyrənilməsi ilə bağlı bir sıra elmi yanaşmaların da yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.
Samir


