Bu il Çempionlar Liqası olduqca maraqlı keçir.
İlk dəfə tətbiq olunan liqa formatı tənqidlərə rəğmən, turnirə marağı artırdı. Bu mövsüm çox sayda möhtəşəm matçlar və unudulmaz geridönüşlər izlədik. Üstəlik, "Real Madrid", "Bayern Münhen", "Mançester Siti" kimi Çempionlar Liqasını qazanmağa favorit göstərilən komandalar yarımfinala çıxa bilmədən turnirlə vidalaşdılar.
Onların əvəzində isə "İnter" və "Arsenal" sözün əsl mənasında sensasiyalı nəticələrlə bu tura gəlib çıxdılar. İllərdir Çempionlar Liqasını qazanmağa çalışan "Barselona" və "PSJ" də onlara rəqib oldu. Xüsusilə, "Barsa"nın Leo Messinin gedişindən sonra ilk dəfə çempionluğa bu qədər yaxınlaşdığını qeyd etmək yerinə düşər.
Bəs indiki vəziyyətdə hansı komanda Çempionlar Liqasının qalibi olmağa daha yaxındır?
Mövzu ilə bağlı futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlama verib:
"10 il bundan əvvəl "Barselona" hər mövsüm Çempionlar Liqasının əsas favoritlərindən biri olurdu. İspan nəhəngi çıxdığı finallarda asanlıqla qələbə qazanırdı. Ondan sonra isə "Bayern Münhen" tərəfindən ciddi hegemoniya quruldu.
Alman klubu hər dəfə son 8 və ya 4 klub arasına qalaraq favoritə çevrilirdi. Bir dönəm isə sözügedən turnirdə "Mançester Siti"nin üstünlüyü yaşandı. Son illərə isə "Real Madrid" damğa vurub. "Kral klubu" heç kimə imkan vermədən ardıcıl şəkildə çempionluqlar qazandı".
Onun proqnozuna görə, "PSJ" çempion olmağa daha yaxındır:
"Hazırda Çempionlar Liqasını qazanmağa əsas favoritlər "PSJ" və "Barselona"dır. Düzdür, "Arsenal" və "İnter" də çox güclüdür. Bu mərhələdən sonra da istənilən komanda çempion ola bilər. Lakin düşünürəm ki, "PSJ" Çempionlar Liqasının qalibi olmağa bir qədər daha yaxındır.
Əslində, fransız klubu heyətində Messi və Neymar olanda daha aqressiv oynayırdı, amma müdafiə xəttində boşluqlar yaranırdı. İndi isə komandanın müdafiə xətti də balanslaşdırılıb. Bu da onlara bir neçə turda qələbə qazanmağa imkan verib. Bütün bunlara görə hesab edirəm ki, "PSJ" bu turnirin çempionu olmağa daha yaxındır".
Pərviz