Polşa ilə Ukrayna arasında müharibənin ilk günlərində yaranan güclü həmrəylik və əməkdaşlıq son illərdə ciddi şəkildə zəifləyib.
HİT.az xəbər verir ki, bu barədə polşalı siyasi jurnalist Mateuş Madzini "The Guardian" üçün yazdığı köşə yazısında qeyd edib.
Madzininin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin ilk günlərində Polşa milyonlarla ukraynalı qaçqına yardım göstərib, Ukraynanı beynəlxalq platformalarda fəal şəkildə dəstəkləyib. Lakin bu münasibət uzun müddət davam etməyib.
Müəllif Polşanın İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (CBOS) sorğusuna istinad edərək bildirib ki, hazırda polyakların 52 faizi ukraynalı qaçqınların qəbul edilməsinin əleyhinədir. Onun fikrincə, Polşada Ukraynaya dəstəkdən yorulanların sayı da artır.
Madziniyə görə, iki ölkə arasındakı münasibətlərin pisləşməsinə tarixi məsələlər və siyasətçilər arasında fikir ayrılıqları da təsir edib.
O, Ukrayna Prezidenti Volodimir Zelenskinin hərbi hissələrdən birinə Ukrayna Üsyançı Ordusunun (UPA) adının verilməsi ilə bağlı qərarını və Polşa Prezidenti Karol Navrotskinin Zelenskini “Ağ Qartal” ordenindən məhrum etməsini münasibətlərin gərginləşməsinin nümunələri kimi göstərib.
Jurnalist hesab edir ki, yaranmış vəziyyət Rusiyanın Polşa sosial şəbəkələrində apardığı təbliğat və dezinformasiya kampaniyalarının təsirini artırıb. Onun fikrincə, bu fəaliyyət cəmiyyətlər arasında mövcud gərginliyi daha da dərinləşdirir.
Madzini yazır ki, Polşada ukraynalıların müharibənin ilk dövründəki vəziyyəti ilə bağlı müəyyən təsəvvürlər sonradan dəyişib.
Onun fikrincə, Polşa ukraynalıları yalnız müharibədən qaçaraq köməyə ehtiyacı olan insanlar kimi qəbul etməyə davam edə bilmədi. Bir çox ukraynalı öz evlərini kirayələyib və ya alıb, biznes qurub və yerli əhali ilə iqtisadi rəqabətə daxil olub.
Müəllif bunu Polşa üçün müsbət inkişaf hesab etsə də, uzun müddət etnik baxımdan daha homogen olan cəmiyyət üçün belə dəyişikliklərin asan olmadığını vurğulayıb.
Madzini Ukraynanın müharibə illərində dəyişdiyini də qeyd edib. Onun fikrincə, ölkə Qərbdən yardım alan tərəfdən hərbi texnologiyalar və innovasiyalar ixrac edən ölkəyə çevrilib.
Jurnalist hesab edir ki, Ukrayna ABŞ və Qərbi Avropanın liderləri ilə birbaşa danışıqlar aparmaq imkanına malikdir və buna görə də Varşavanın “vasitəçi” roluna əvvəlki kimi ehtiyac duymur.
Madzini gələcəkdə Ukraynanın Avropa ilə daha da sıx inteqrasiya edəcəyini və bunun Polşa ilə yanaşı Fransa və Almaniya üçün də iqtisadi rəqabət yaradacağını proqnozlaşdırıb.
Onun fikrincə, Ukrayna Avropa strukturlarında sadəcə yardım istəyən ölkə kimi deyil, bərabərhüquqlu tərəf kimi çıxış etmək istəyəcək.
Müəllif sonda qeyd edib ki, Ukraynanı yalnız “müharibə qurbanı” kimi görmək düzgün deyil. Onun fikrincə, Polşanın bu reallığı vaxtında nəzərə almaması iki ölkə arasındakı münasibətlərdə ciddi nəticələrə səbəb olub və Avropanın qalan hissəsi də bu dəyişikliklərə hazırlaşmalıdır.
Samir


