Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışındakı çıxışı zamanı bir çox mühüm məsələyə toxunub.
Onlardan biri də 1992-ci ildə qəbul edilən 907-ci düzəlişlə bağlı idi. Dövlətimizin başçısı 907-ci düzəlişin ABŞ Konqresinin Azərbaycana qarşı ədalətsiz bir addımı olduğunu vurğulayıb.
“Azadlığa Dəstək Aktı ABŞ Konqresi qəbul olunanda Sovet İttifaqının süqutundan sonra yeni müstəqil ölkələrə maliyyə yardımının göstərilməsi ilə bağlıdır. 907-ci düzəliş isə ermənipərəst senatorlar tərəfindən irəli sürüldü. Yeri gəlmişkən, Prezident Bayden onlardan biridir, o, həmin vaxt senator idi. Bu səbəbdən biz Bayden administrasiyası vaxtında bu qədər çətinliklərlə üzləşdik”.
Qeyd edək ki, 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş Azadlığa Dəstək Aktı postsovet ölkələrinə demokratik və iqtisadi keçid dövründə kömək etməyi hədəfləyirdi. Lakin Azərbaycana qarşı tətbiq edilən 907-ci düzəliş bu yardımlardan ölkəmizi məhrum etdi. Bu isə çox böyük ədalətsizlik deməkdir. Çünki torpaqları işğala məruz qalan və yüz minlərlə qaçqın-köçkün problemi ilə üzləşən tərəf Azərbaycan olduğu halda, ABŞ Konqresi erməni lobbisinin təsiri ilə ölkəmizi formal olaraq “Ermənistanı blokadada saxlamaqda” ittiham edərək cəzalandırmışdı. Yəni olduqca ədalətsiz və hüquqsuz bir qərardan bəhs edirik.
Xüsusilə sabiq ABŞ prezidenti Co Baydenin də vaxtilə senator kimi bu düzəlişin lehinə çıxış edənlərdən biri olduğunu unutmayaq. O, hakimiyyətdə olduğu dönəmdə də ölkəmiz əleyhinə siyasət aparırdı. Bu, ABŞ-nin daxili siyasətindəki güclü erməni lobbisinin xarici siyasət qərarlarına necə birbaşa təsir edə bildiyini göstərir.
Nəzərə almaq lazımdır ki, 1992-ci ildə atılan bir imza onilliklər sonra ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsir göstərməkdə davam edib. Bayden administrasiyası dövründə yaşanan çətinliklərin kökünü məhz bu tarixi yanaşmaya bağlayır. Yəni xarici siyasətdəki bəzi stereotiplər və şəxsi siyasi keçmiş, dövlətlərarası cari münasibətlərdə obyektivliyə mane olur.
Bu, beynəlxalq münasibətlərdə ədalət prinsiplərinin bəzən böyük dövlətlərin daxili siyasi maraqlarına və lobbi qruplarına qurban verilməsinin bariz nümunəsidir. Azərbaycan tərəfi bu tarixi faktı xatırlatmaqla həm keçmiş reallıqları diqqətə çatdırır, həm də ABŞ-nin mövcud siyasətindəki qeyri-obyektiv meyllərin səbəb-nəticə əlaqəsini aydın şəkildə ortaya qoyur.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, artıq 907-ci düzəliş köhnəlib və tamamilə ləğv olunması vacibdir. Bu, olduqca mühüm məsələdir və tezliklə tarixi ədalətsizlik birdəfəlik həll olunmalıdır...
Elmir Mustafa


