Aktrisa "Hozu dayə" filminin Laçındakı təqdimatından danışdı: "Rəqib tanımıram" - MÜSAHİBƏ 

MAQAZİN
16:52 / 15.12.2023
2964

"Mən "Hozu dayə" filminə rəqib tanımıram". 

Bu sözləri məşhur aktrisa Gülmira Fərzəliyeva "Hozu dayə" filminin Laçın şəhərində keçirilən təqdimatı ilə bağlı HİT.az-a müsahibəsi zamanı deyib. 

Sözügedən müsahibəni təqdim edirik:

- Gülmira xanım, "Hozu dayə" filminə bu qədər maraq gözləyirdiniz? 
- "Hozu dayə" filmi hazırda Azərbaycanda ən çox sevilən və baxılan filmdir. Üstəlik, filmin reytinqi də kifayət qədər yüksəkdir. Yəni mən ona rəqib tanımıram. Hətta çəkilişlərdən əvvəl ssenarini oxuyanda dedim ki, bu film çox uğurlu olacaq. Artıq izlənmə sayı 45 mini ötüb. Həqiqətən də "Hozu dayə" layiq olduğu yeri tapdı. 

- Filminizin Laçında təqdimatının keçirilməsi necə bir hissdir?
- "Hozu dayə" filminin təqdimatının Laçında keçirilməsinə çox sevindim. Həmin gün həyatımda yaşadığım ən yaxşı günlərdən və uğurlardan biri oldu. Hətta filmlə bağlı Laçına getdiyim üçün özümlə fəxr edirəm. Yəni gəzməyə getməklə, komanda ilə təqdimata getmək tam fərqlidir. Biz orada əsgərlərlə də görüşdük. Laçına belə getmək elə bir hissdir ki, onu sözlə ifadə etmək mümkün deyil. 

- Laçında filmə maraq necə oldu?
- Filmi izləməyə çox sayda tamaşaçı gəlmişdi. Zaldakı tamaşaçılar ancaq gülürdülər. Onlar, hər bir zarafatı tutaraq gülürdülər, alqışlayırdılar. Mən "Hozu dayə"nin Bakıdakı imza günlərində də olmuşam. Amma Laçındakı təqdimat tam başqa idi. Laçındakı insanların filmə marağı o qədər böyük idi ki, durmadan gülürdülər və alqışlayırdılar. 

- Siz ilk dəfə Qarabağa getdiniz?
- Bəli, həyatımda ilk dəfə idi ki, Qarabağa getdim. Amma gedişim elə-belə olmadı, möhtəşəm oldu. 

- Laçından başqa hansı işğaldan azad olunan ərazilərə getmək istəyirsiniz?
- Şuşanı gəzməyi çox istəyirəm. Orada da bir kinoteatr olmasını və Şuşaya da gedib gözəl filmlər nümayiş etdirməyimizi arzulayıram. 

Pərviz Şimşək

0