Könül İsmayılova: “Qadınlar depressiyaya meylli olduğundan…”
Hazırda elə bir fəsildəyik ki, həyat dolu insanlar belə depressiyanın ən geniş yayılmış növü olan mövsümi və ya “payız depressiyası” yaşayır. Payızın gəlməsi ilə bir çox insan xüsusi səbəb olmadan daha kədərli və hüznlü olur. Qısalmış günlər, tutqun hava, boz təbiət...
Bütün bunlar payız depressiyasının yaranmasına səbəb olur və dünyada hər beş insandan biri bu depressiya növündən əziyyət çəkir.
Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında qeyd etdi ki, payız depressiyasına düşən insanlar daha çox həyəcanlı, yatmağa meylli olur. Gecələr uzandıqca, gündüzlər qısaldıqca insanlar yatmağa öyrəşir:
“Tez durmaq, işə tez başlamaq onlarda həyəcan yaradır. İstər-istəməz beyin işə getmək lazım olduğunu qəbul edə bilmir. Və beləcə, insan hər şeydən soyuyur. Günə hansı işdən başlayacağını bilmir. İş rejimi ona çətin gəlir. Bundan başqa, hava dəyişikliyi də depressiyaya şərait yaradır. Havalar sərinləşdikcə, istidən soyuğa keçdikcə müəyyən xəstəliklər meydana gəlir. Xəstəliklərin depressiyası payızda özünü göstərir”.
Psixoloqun sözlərinə görə, depressiyaya tez-tez düşən insanlar, payız depressiyasına da asanlıqla yaxalanır. Qadınlar depressiyaya meylli olduqlarından, payız depressiyasına da ən çox qadınlarda rast gəlinir.
Sevinc