Hiperaktiv uşaqlarla necə davranmalı?

MARAQLI
22:19 / 13.05.2024
919

Bir yerdə dayanmayan, daim hərəkətdə olan, yerli-yersiz qaçan uşaqlara hiperaktiv uşaq deyilir. 

Bəzən elə uşaqları nadinc, bəzən hərəkətli, bəzən də ərkəsöyün kimi qiymətləndirsək də, onların enerjilərini xərcləmək üçün nə etmək lazım olduğunu bilmirik.

Hərəkətli olduğu üçün danlamaq, cəzalandırmaqla iş bitmir.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, hiperaktiv uşaqlar bütün günü tullanıb-düşər, dostlarını itələyər, divara dırmaşmağa çalışar, susmaq nədir, bilməzlər:

 “Bir mövzudan digər mövzuya keçər, başqasının sözünün bitməsini gözləmədən sözlərini kəsərlər. Qayda-qanuna tabe olmazlar. Edilməməsi lazım olan hərəkətləri bilərəkdən edirlər. Günahlarını boyunlarına alsalar da, səbəbini soruşduqda cavab verə bilməzlər. Məktəbə təmiz geyimdə gedər, qayıdanda isə üst-başları dağınıq və çirk içində olarlaq. Əşyaları səliqəsiz, otaqları dağınıq olar, hər gün bir əşya itirərlər”.

Psixoloq hesab edir ki, hiperaktiv uşaqlara bütün qaydalar konkret və açıq şəkildə izah olunmalı, düzgün davranışları hər zaman təqdir edilməlidir. Bəzən kiçik bir "afərin" sözü bir uşaq üçün çox böyük bir məna ifadə edir. Məktəbə və ya bağçaya gedirsə, onun müəllimləri ilə daimi əlaqədə olmalı və problemin nə olduğunu, uşağa evdə hansı qaydaların qoyulduğu bildirilməlidir:

 “Həmçinin, məktəbdəki davranışları da izlənilməlidir. Neqativ hərəkətlər və cəzaya yox, pozitiv davranışlarına köklənilməlidir. Bu zaman onun motivasiyası müsbət davranışlara yönələcək. Daha çox təqdir almaq üçün çalışacaq”.

K.İsmayılova onu da əlavə edib  ki, helə uşaqlara həddindən artıq irad bildirmək, onlarla yüksək səslə danışmaq və ya əl qaldırmaq qətiyyən olmaz. Bu, bir çıxış yolu deyil, əksinə vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər: 

“Əks halda onlar daha da aktivləşir və adətən böyüklər tərəfindən gördükləri aqressiyanı digər uşaqlar üzərində tətbiq etməyə çalışırlar. Çıxış yolu olaraq , valideynlərə daha çox mükafatlandırma və ya cəzalandırma üsullarından istifadə etmələrini məsləhət görərdim”.

Sevinc

0