Bizim qocalar, onların qocaları...

22:57 / 10.09.2024
586

İçəri Şəhərdə idim. Bir qrup turist keçdi yanımdan. Yaponlar idilər. Dedilər 70-90 yaş qrupunda qocaları gətirmişik. Sonra ardınca eyni şəkildə fransızlar gəlib, keçdilər. Səliqəli geyinmiş ahıllar əsaslarına söykənə-söykənə , Bakı küçələrini heyranlıqla seyr edir, gülüb danışırdılar.  Dedilər yaşlılar səfərə çıxanda dövlət onları sığortalayır ki, başqa ölkədə ölsələr, geri qaytarılmaqları problem yaratmasın.

Bir düşünün, bizim 80-90 yaşlı nənəmiz  bir gün durub deyə ki. mən Yaponiyaya, Fransaya gəzməyə gedirəm,  evdə qırğın başlayar. Çünki, qocanın pensiya kartı nəvəsinin yol puludu, evin kommunal xərcidi, odu, budu... Hər şeydi, təkcə onun özünün  deyil. Ömrünü balalarına həsr edən azərbaycanlı , ahıl yaşında da qıyıb öz pensiyasına dərman almır. O yalnız o pensiyaya görə urvatdıdı. Pensiyada bir pensiya ola. Lap ahılın ürəyindən keçib, evindən icazəsi olsa belə , səfərə çıxa bilməyəcək. Çünki aldığı 20-300 manat ancaq  quru çörək yeməyə çatar, səyahət nədir?!

Avropanın çoxömürlüsü ilə Azərbaycanın uzunömürlüsü arasında kəskin fərq var: onların 100 yaşı keçən qocası bizim ahıllardan qıvraqdır. Çünki, bizim qocaların alnına vaxtından əvvəl “yararsız” damğası vurulur, 50 yaşından sonra “özünü ağır apar” ittihamı sifətinə çırpılır. Məhz, psixoloqlar, xüsusi ilə vurğulayırlar ki, qocaların vaxtından əvvəl qara siyahıya salınması, onların ən ülvi hisslərini daxillərində gizlətmələrinə gətirib çıxarır. Onlar cəmiyyətin sərt mühakiməsi ilə daxildən qocalırlar. Bizim qocalar al -əlvan geyisə, evlənmək istəsə, lağ obyektinə çevrilir. Bizim qoca idman etsə, rəqs etsə hoydu-hoyduya götürülür. Stresslərdən qocala bilmirik. Qocalanlarımız da yaşaya bilmir. Özümüz özümüzə cəhənnəm yaratmışıq.

Murad
 

0