Məişət texnikası üzrə ekspertlər bildirirlər ki, bir çox insan paltaryuyan maşının müasir rejimlərinin hər növ parçanı təhlükəsiz yumağa imkan verdiyini düşünür. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bəzi əşyaların maşında yuyulması həm geyimlərin zədələnməsinə, həm də cihazın nasazlığına səbəb ola bilər.
HİT.az xəbər verir ki, məişət texnikası üzrə ekspert Eymi Çernoffun sözlərinə görə, hətta “delikat” rejim belə bütün materiallar üçün təhlükəsiz deyil.
Onun fikrincə, bəzi əşyalar formasını itirə, kiçilə və ya rəngini dəyişə bilər, digərləri isə barabanı zədələyə, suaxıdıcı sistemi tıxaya və hətta yanğın riski yarada bilər.
“The Pioneer Woman” nəşrinə istinadən paltaryuyan maşında yuyulmaması tövsiyə edilən 7 əşya aşağıdakılardır:
Zərif parçalar
İpək, kaşmir, məxmər, zamşa və dəri kimi materiallar mexaniki təsirə və rütubətə davamlı deyil. Bu parçalar uzana, rəngini itirə və ya tüklənə bilər.
Jaket və blazerlər
Strukturlaşdırılmış geyimlərdə olan daxili konstruksiya və astarlar yuma zamanı deformasiyaya uğrayır və geyim öz formasını itirə bilər.
Dekorlu geyimlər
Payetlər, muncuqlar və digər bəzəklər fırlanma zamanı qoparaq həm geyimi korlaya, həm də suaxıdıcı sistemdə tıxanma yarada bilər.
Yaddaş köpüyündən (memory foam) hazırlanmış məhsullar
Yastıqlar, döşək örtükləri və ev heyvanları üçün yataqlar suyu çox çəkir və yuma sonrası formasını itirərək parçalanmağa başlaya bilər.
Sərt konstruksiyalı papaqlar
Beysbol papaqları və oxşar baş geyimləri yuma zamanı deformasiyaya uğrayır, xüsusilə kənar və daxili sərt hissələr zədələnir.
Dəmirli büstqalterlər
Daxilində metal hissə olan büstqalterlər barabanı zədələyə, parçanı yırtaraq həm geyimi, həm də maşını korlaya bilər.
Rezin altlıqlı xalçalar
Yuma və sıxma zamanı rezin hissə parçalanır, qırıntılar maşının mexanizminə düşərək nasazlıq yarada bilər.
Mütəxəssislər geyim etiketlərinə diqqət yetirməyi və istehsalçı tövsiyələrinə əməl etməyi məsləhət görürlər. Həssas materiallar, dekorlu və ya mürəkkəb quruluşlu əşyalar üçün isə əl ilə yuma və ya kimyəvi təmizləmə daha təhlükəsiz hesab olunur.
Samir


