“Müəllimlərin sertifikasiya imtahanı doğru proses deyil”.
Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, hər dəfə müəllimlər buna görə həyəcan keçirirlər:
“İmtahan götürən insanların özlərini imtahan etmək nə dərəcədə doğrudur? Bu imtahanlar müəllimlərin öz şagirdlərinin qarşısında nüfuzdan düşməsinə səbəb olur. Hələ hansısa müəllim sertifikasiya imtahanından aşağı bal toplayanda sosial şəbəkələrdə təndiq atəşinə tuş gəlir.
Hətta aşağı bal yığan müəllimlərə qarşı elə reaksiya verirlər ki, sanki onların savadsız olduğunu göstərməyə çalışırlar. Hesab edirəm ki, müəllimin nüfuzuna zərər gətirən bu prosesə çox ciddi yanaşılmalıdır”.
Siyasətçi hesab edir ki, müəllimləri hər il imtahan etməyə ehtiyac yoxdur:
“Onsuz da insanlar müəllim olmaq üçün ömür boyu oxuyur və imtahan verirlər. Həmçinin, 5 ildən bir keçirilən müəllimlərin attestasiyası imtahanı da var. 5 il ərzində bu müəllimlər hansı işlərlə məşğul olduqlarını, çıxış etdikləri konfranslar və yazdıqları məqalələr haqqında məlumat verirlər.
Orta məktəb müəllimləri ilə bağlı da müəyyən kateqoriyalar müəyyənləşdirmək mümkündür. Üstəlik, bu imtahanı hər il keçirməyə və müəllimlərə stress yaşatmağa ehtiyac yoxdur. Düşünürəm ki, müəllimlərin sertifikasiya imtahanlarının keçirilməsi dayandırılmalı və başqa formalar seçilməlidir”.
Akif Nağı vurğulayıb ki, müəllimlərin biliyinin yoxlanılması ilə bağlı seçilən formalar onların nüfuzuna mənfi təsir göstərməməlidir:
“Lakin müəllimlərin sertifikasiya imtahanı onların şagirdlərinin və cəmiyyət arasında nüfuzlarının aşağı düşməsinə gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, müəllim bütün dünya ölkələrində ən yüksək səviyyəli peşə sahibləri hesab olunurlar.
Ona görə də bu məsələyə elmi şəkildə yanaşılmalı və dünya hansı praktikası öyrənilməlidir. Birinci növbədə, Azərbaycan xalqının mentalitetinə uyğun olan məsələlər nəzərdən keçirilməlidir. Çünki bu məsələdə həddindən artıq ciddi nöqsanlar var. Elm və Təhsil Nazirliyi də bununla bağlı düşünməli və düzgün bir mövqe seçməlidir”.
Elmir Mustafa



