Səmərqənd Orta Asiyanın ən qədim və zəngin şəhərlərindən biri kimi tanınır. Tarix boyu İpək Yolunun keçdiyi, ticarətin, memarlıq və sivilizasiyanın mühüm yer tutduğu Özbəkistanın sevilən şəhərlərindən biridir. Səmərqənd dünyada memarlıq üslubu baxımdan çox önəmli yerə sahibdir.
Hit.az Səmərqəndin tarixi haqqında əhəmiyyətli məlumatları təqdim edir:
Səmərqənd Özbəkistanda Daşkənddən sonra ölkənin ən çox əhali məskunlaşan böyük şəhərlərindən biridir. Bura zəngin tarixi və mədəniyyətilə seçilir. Şəhərin müxtəlif memarlıq abidələri də göz oxşayır. Deyilənə görə, şəhərin əsası Səmər adlı xan tərəfindən qoyulub. Səmər sözü “varlı”, “zəngin” deməkdir, qənd sözü isə “şəhər”, “kənd” mənasını verir.
Təqribən 3500 illik tarixə mənsub şəhərdə 1 milyondan çox insan yaşayır. Vaxtilə Teymurilər imperiyasının paytaxtı olan şəhər bu gün də öz memarlıq inciləri ilə hər kəsi heyrətləndirməyi bacarır. Qızıl dövründə daha da çiçəklənən şəhər 2001-ci ildən etibarən UNESCO-nun inciləri siyahısında yer alır.
Şəhərin məşhur abidələrinə nəzər salaq:
Böyük Uluqbəy Rəsədxanası elm və zəkanın gücünü əks etdirən ən möhtəşəm abidələrindən biridir. Burada aparılan müşahidələr sayəsində alimlər səma cisimlərini böyük dəqiqliklə öyrənib, astronomiya elminə mühüm töhfələr veriblər. Bu rəsədxana təkcə tarixi bir məkan deyil, həm də insanın kainatı anlaması üçün simvoldur. Bu gün də Səmərqəndə gələn turistlərin ən çox ziyarət etdiyi yerlərdən biri hesab olunur.
Şəhərdə həmçinin sərkərdə Əmir Teymurun məqbərəsi olan Gur-Əmir kompleksi Səmərqəndin ən möhtəşəm memarlıq abidələrindən biridir. Kompleksdə böyük sərkərdə Əmir Teymurun məzarı yerləşir. Mavi günbəzi, incə naxışları və əzəmətli görünüşü ilə şəhərin seçilən yerlərindən biridir.
Bibi-Xanım məscidi Səmərqəndin qəlbində yüksələn möhtəşəm bir memarlıq incəsənətidir. Uca günbəzləri, zərif harmoniyası və heyranedici görünüşü ilə bu məscid şəhərin ən qiymətli xəzinələrindən sayılır. Məscid rəngli kərpicləri və əzəmətilə adamı özünə heyran edir.
Digər abidə isə Şahi-Zində abidəsidir. Şahi-Zində Səmərqəndin ən sirli və ən çox maraq oyadan məkanlarından biridir. 11 əsas məqbərədən ibarət tikilidə mavi və çəhrayı naxışlar diqqəti özünə çəkir. Kompleksin adı İslam peyğəmbəri Məhəmmədin əmisi oğlu Kusam ibn Abbasın adı ilə bağlıdır. Rəvayətə görə Səmərqəndə İslamı yaymaq üçün gəlib, namaz qılarkən bütpərəstlərin hücumuna məruz qalaraq şəhid edilib. Lakin inanclara görə, o, ölməyib, kəsilmiş başını götürərək quyuya enmiş və orada əbədi ömür qazanıb. Bu səbəbdən bura əsrlər boyu müqəddəs ziyarətgah sayılıb.
Reqistan meydanı da Səmərqəndin ən məşhur yerlərindən biridir. Bura gələn hər kəs ilk olaraq bu möhtəşəm meydanı ziyarət edir. Ətrafındakı qədim mədrəsələr meydanı daha da gözəl və unudulmaz edir. Uluq bəyin ölümundən sonra hakim olan Yalangtuş Bahadurun əmri ilə ikinci eyni mədrəsə yaradılır. Sonradan isə daha üçüncü bənzər mədərsədə tikilib. Giriş hissədə olan xırda naxışlar adamda köhnə illərin abu-havasını, dizaynına marağı artırır.
Xoca Daniyar türbəsi isə həm yerli sakinlər, həm də turistlər üçün xüsusi əhəmiyyət daşıyır. Sakit və təbiətlə əhatə olunmuş mühit buranı fərqli edən əsas xüsusiyyətlərdəndir. Xoca Daniyar türbəsi Səmərqəndin ən maraqlı və ziyarət olunan məkanlarından biridir. Rəvayətə görə, burada müqəddəs şəxs hesab edilən Daniyarın məzarı yerləşir. Türbə sakit atmosferi, yaşıllıqlarla əhatə olunmuş ərazisi və insanların buraya xüsusi ehtiramla yanaşması ilə diqqət çəkir. Bu məkan həm tarixi, həm də mənəvi dəyərinə görə şəhərin ən önəmli abidələrindən sayılır.
Ümummilli Lider Heydər Əliyevin 22 oktyabr 1996-cı ildə özbək müxbirin sualına cavab olaraq dediyi məlumatlar da Səmərqənd haqqında fikir formalaşdırmağa imkan verir:
“Səmərqənd zəngin tarixə, qədim mədəniyyətə, qədim memarlığa malik olan bir şəhərdır. Lakin mən sizə Səmərqəndin tarixindən danışmayacağam, təkcə onu demək istəyirəm ki, Səmərqənd diqqətimi həmişə cəlb etmiş və məndə buraya gəlmək arzusu oyatmışdır. Budur, dostum, Prezident İslam Kərimovun köməyi ilə arzum həyata keçmişdir və bu gün mən Səmərqəndə gəlmişəm. Burada gördüklərimin hamısı mənə çox böyük təsir bağışladı”.
Ulu Öndər həmçinin Əmir Teymurun abidəsinin də ona olduqca böyük təsir bağışladığını demişdi:
“Bu, gözəl memarlıq və heykəltəraşlıq əsəridir. Zənnimcə, o, qəhrəmanın şəxsiyyətini çox yaxşı əks etdirir. Özbəkistanın tarixi ilə, Əmir Teymurun tarixi və fəaliyyəti ilə, onun nəsillərinin fəaliyyəti ilə bağlı olan nə varsa, hamısı burada, Səmərqənddə cəmlənmişdir.
Əlbəttə, bu qədim memarlıq abidələri ilə tanışlıqla yanaşı, Səmərqəndin müasir mehmanxanasında da olmaq mənim üçün xoş idi. Beynəlxalq standartlara cavab verən bu müasir mehmanxana onu göstərır ki, özbəklərin indiki nəsli öz əcdadlarının vəsiyyətlərinə çox ciddi əməl edir. Bugünkü nəslin nümayəndələri qurub-yaradırlar.
Özbəkistanda həyata keçirilən bütün tədbirlər olduqca böyük təsir bağışlayır. Mən bu barədə dünən Daşkənddə dedim, orada gördüyümüz muzey heyrətamiz bir binadır. Teymurun əzəmətli muzeyi arxitektura əsəridir, sənət əsəridir. O heç də sadəcə bir qurğu deyildir. Bir baxın, necə klassik iş görülüb - istər qədim memarlığın, istərsə də müasir arxitekturanın necə gözəl elementləri var. Bu naxışlara, bu rəsmlərə baxdıqca heyran qalırsan! Bunlar mənə çox güclü təsir bağışladı”.
Arzu İbrəhimova


